İtaliyada yeni növ koronavirusun yayılması ilə əlaqədar yaranmış vəziyyətə görə “İcraolunmaz tapşırıq” (“Mission Impossible”) franşizasının 7-ci filminin bu ölkədə aparılan çəkilişləri dayandırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu addım aktyorların və çəkiliş qrupunun təhlükəsizliyi üçün atılıb.
Üçhəftəlik çəkilişlər Venesiyada baş tutmalı idi.
Filmin yeddinci hissəsinin premyerası 2021-ci ilin iyuluna planlaşdırılıb. Filmin rejissoru Kristofer Makkuorridir. Filmdə Tom Kruz, Rebekka Ferqyuson, Vanessa Kirbi, Saymon Peqq və başqaları çəkiləcəklər.
Franşizanın əvvəlki altı filmi 3,57 milyard ABŞ dollarından çox qazanıb.
Xatırladaq ki, İtaliyada koronavirusa yoluxma ilə bağlı 229 hal təsdiqlənib, virusdan 6 nəfər ölüb.