Bakı. 3 aprel. REPORT.AZ/ Heydər Əliyev Sarayında KVN üzrə Azərbaycan Regional Liqasının IV mövsümünün açılışı olub.
"Report" Azərbaycan Şən və Hazırcavablar Klubunun (ŞHK) mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsümün ilk oyununda Azərbaycan universitetlərini təmsil edən ən yaxşı komandalar səhnəyə çıxıb.
İlk oyunda səhnə alan komandalar Bakı şəhər Yeniyetmələr Liqası yığması, "The Show Must Go On", "Homo Sapiens", "Sabah", "Unec RES United", "Absheron Stone", "Labutenlər", "Super Good" və "Bungarang" olub.
"Parni iz Baku" KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun qızı Mədinə Yeniyetmələr Liqası yığmasının heyətində ilk dəfə KVN səhnəsinə çıxıb.
Münsiflər heyətində isə Azərbaycan ŞHK-nın rəhbəri Rəşad Əzizov, Azərbaycan liqasının baş redaktoru, Yüksək Liqanın redaktoru, məşhur rusiyalı KVN ustası Dmitri Kolçin, rusiyalı kinoaktrisa və teleaparıcı, "Dörd tatar" KVN komandasının kapitanı, "Comedy Woman" qadın yumoristik şousunun iştirakçısı Yekatrina Skulkina, əfsanəvi "Parni iz Baku" KVN komandasının üzvü, XX əsrin çempionu, Azərbaycanın əməkdar artisti, teleaparıcı və şoumen Murad Dadaşov, "Nə? Harada? Nə zaman?" elit klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri, "Büllur bayquş", "Brilyant bayquş" və "klubun ən yaxşı kapiyanı" adının sahibi Balaş Qasımov, məşhur bəstəkar və prodüser İsa Məlikov yer alıb.
Yekunda Kiçik Kuboku Bakı şəhər Yeniyetmələr Liqası yığması, Orta Kuboku liqanın qadınlardan ibarət yeganə komandası olan "Labutenlər", Böyük Kuboku isə liqada doğma Azərbaycan dilində çıxış edən yeganə komanda olan "Sabah" qazanıb.