Bakı. 7 yanvar. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi “Monsterlər ailəsi” animasiya filminin nümayişinə başlayır.
"Report" xəbər verir ki, “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj edilən film yanvarın 10-dan etibarən tamaşaçılara təqdim olunacaq.
Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.
Animasiya filmini Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli, Zemfira Əbdülsəmədova, Nəzakət Məmmədli, Mətanət Abbaslı, Vüsal Murtuzəliyev, Elman Rəhimov, Rəhim Rəhimov, Vüsal Mustafayev, Müşfiq Mirzəzadə, Vüsal Hacıqedir və Aytac Rəhimova səsləndiriblər.
Cizgi filminin rejissoru Leopoldo Aguilardır.
Süjet xəttinə əsasən, cizgi filmin qəhrəmanı Lukas günlərin bir günü öyrənir ki, o, adi insan deyil və nəhəng bir divdir. Bu xəbər onun həyatını əməlli-başlı dəyişir. Ən pisi isə odur ki, ilk dəfə divə çevrilmə məktəbdəki gecədə, hamının gözü qabağında baş verir. Öz soy kökünü araşdırmaq üçün, Lukas maraqlı və həyəcanlı divlər adasına yola düşür. Macəralar Lukasa fərqlənməyin elə də pis bir şey olmadığını başa salır və yeni, qeyri-adi ailəsini tapmağa kömək edir.