Oktyabrın 3-dən ölkənin bir nömrəli kinoteatrı olan “CinemaPlus”da çoxdan gözlənilən “Joker” filminin nümayişinə başlanılıb. Film izləyicilərin də böyük marağına səbəb olub. Bilet satışından bu filmə marağın olduqca yüksək olduğu məlumdur. Biletləri sürətlə satılan filmə tamaşaçılar böyük həvəs göstərirlər. “Joker”ə izləyicilərin marağı isə gündən-günə artmaqda davam edir.
“Report”un çəkiliş qrupu məhz bu marağı nəzərə alaraq tamaşaçıların təəssüratlarını öyrənməyə çalışıb.
Böyük bir auditoriyanın izlədiyi filmin tamaşaçıları ekran işinin keyfiyyətli sənət əsəri olduğunu bildiriblər. Tamaşaçılar filmdə rejissor və aktyor işinin mükəmməlliyindən söz açıblar. Onların sözlərinə görə, belə bir ekran əsərinin işıq üzü görməsi tamaşaçı üçün yeni süjet xəttidir.
“CinemaPlus”un inzibatçısı Rasim Baxışov isə “Report” bildirib ki, film təqdimatdan sonra böyük auditoriya toplaya bilib: "Hər seans minlərlə bilet satılır, hətta, ümumiyyətlə, yer tapılmır. Təkcə 1 salonda 270-dən çox bilet satılıb".
Qeyd edək ki, psixoloji triller janrında lentə alınan, Todd Fillipsin ərsəyə gətirdiyi bənzərsiz ekran işində baş rolları Xoakin Feniks, Zazi Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları ifa edib. Kinoda hadisələr 1980-ci ildə baş verir. Ekran işində çox uğursuz həyat hekayəsi olan bir insandan bəhs edilir. Artur Flekin ciddi zehni problemləri var. O, kortəbii, səbəbsiz gülüşdən əziyyət çəkir. Bundan əlavə, Artur yoxsulluq həddində yaşayır, hər gün yaşamaq üçün mübarizə aparır. Komediyaçı olmağı xəyal edən bir qəhrəman özü kimi, meqalomiyadan əziyyət çəkən anasına qayğı göstərməyə məcbur olur. Təəssüf ki, Flek zənginlərin zənginləşdiyi və kasıbların kasıblaşdığı Gotem şəhərində yaşayır. Artur Gotemin ən varlı sakini Tomas Ueynin nikahdankənar övladı olduğunu biləndə Flekin fikirləri daha da qarışır. Nəticədə Artur bir neçə qəddar cinayətə əl atır, narkotik qəbul etməyi dayandırır və Gotemda iğtişaşlar törədir, bu müddət ərzində Tomas Ueyn də daxil olmaqla, bir neçə varlı ölür. Ümüdlərinin puç olduğunu görən kloun məhv etməklə psixoloji rahatlıq axtarışına çıxır. Ağır və psixoloji triller olmasına rəğmən, filmin ilk kadrlarından sonuna kimi gözlərinizi bir saniyə belə olsun ekrandan çəkə bilməyəcəksiniz. Möhtəşəm əsərdə yer alan aktyorların peşəkar oyunu, göz oxşayan məkanlar və rəngarəng kadrlar filmi daha da baxımlı edib.