Bakı. 10 avqust. REPORT.AZ/ Premium kinoteatr "CinemaPlus Azerbaijan"da avqustun 30-da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, ovçu Faiq Babanlının iştirakı ilə "Peru" sənədli filminin premyera öncəsi nümayişini keçirəcək.
"Report"un məlumatına görə, film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Ov qanununa görə, əgər cəngərliklərdə güclü yağış yağırsa və göydə ay görünürsə, deməli heyvanlar gizlənəcək.
Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə birlikdə məcburən cəngəlliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurlar.
Qeyd edək ki, Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngəlliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Eyni zamanda Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olub və öz kolleksiyasını artırmaqda davam edir.