"Elektra Events Hall"da “Cinemazadeh” istehsalı olan və Turkiyədə çəkilmiş “Çat Kapı Aşk” romantik filminin möhtəşəm qala-gecəsi keçirilib.
"Report" xəbər verir ki, şou-biznes ulduzları, jurnalistlər, bloqqerlər və bir çox qurumların rəhbərləri gecənin qonaqları olublar.
Qala-gecədə Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və yaradıcı heyətin üzvləri iştirak ediblər.
Sonda bütün zal filmin yaradıcı kollektivini ayaqüstə alqışlayıblar.
Filmin rejissoru Erhan Baytimur, baş prodüser Cəfər Axundzadədir. Ekran işinin bəstəsi Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur. Ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operator Ömer Yılmaz, icraçı direktor Tural Əsədov, icraçı prodüser Emil Davudzadə, montaj rejissoru Vüqar İslamzadə və Rüfət Kərimzadə, səs rejissoru Orxan Ağalarov, art direktor Pərviz Babayevdir.
Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.
Filmin məzmununa gəlincə, bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.
Tədbirin təşkilində “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi, "Cinemazadeh", "Cinema Distribution", "Filmzadeh", "Elektra Events Hall", "Kepro Lazer Beauty" Epilyasiya Mərkəzi, "Bizon Energy", “Kevents” və “Strafor kəsim” dekor şirkətləri dəstək olublar.