Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin bu il üzrə mənzillə təminatına başlanacaq.
Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan bir hissəsinə yeni yaşayış binalarından alınmış mənzillər veriləcək.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı işlərinə də yaxın günlərdə başlanacaq.
Mənzillə və avtomobillə təminat tədbirləri il ərzində davam edəcək.
Xatırladaq ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7 600 mənzil və fərdi ev, müharibə əlillərinə 6 750 avtomobil verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, həmin kateqoriyadan olan şəxslərə bu il azı 1 500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.