Xızıda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib
- 14 sentyabr, 2017
- 16:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 sentyabr. REPORT.AZ/ “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi sentyabrın 13-də Xızı rayonunda risk altında olan sahələrdə çalışan insanlar, təşkilat və müəssisə rəhbərləri arasında insan alveri ilə bağlı növbəti maarifləndirmə kampaniyası həyata keçirib.
Birlikdən "Report"a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən ”Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə ekspert Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, onların qaynar xətt xidmətləri barədə məlumat verib və bu sahədə təşkilat tərəfindən hazırlanmış yaddaş kitabçası iştirakçılara təqdim olunub.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil şöbəsinin işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar və ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər iştirak ediblər.