Xaçmaz rayonunun Tikanoba kəndinin sakinləri qaz və yol problemindən əziyyət çəkirlər.
Bu barədə “Report”un Şimal bürosuna müraciət edən kənd sakinləri sözügedən problemlərlə uzun illərdir ki üz-üzə qaldıqlarını bildiriblər.
Onların sözlərinə görə, bu vaxta qədər kəndə qaz xətti çəkilmədiyi üçün məcbur qalaraq həyətyanı sahələrindəki meyvə ağaclarını kəsməklə mənzillərini qızdırırlar. Bu vəziyyət sakinləri ciddi şəkildə narahat edir. Çünki bağ sahələrində ağacların sayı hər keçən gün azalır.
Sakinlər deyib ki, kəndə qaz çəkiləcəyi ilə bağlı aidiyyəti qurumlar tərəfindən dəfələrlə vədlər verilsə də, əməli olaraq heç bir iş görülməyib.
Kəndin qaz problemi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Report"un yerli bürosuna bildirib ki, təmsil etdiyi qurumun müəyyən öhdəlikləri mövcuddur: "Bu öhdəlik ondan ibarətdir ki, regionlarda qazlaşma prosesi tam həyata keçirilməlidir. Bu baxımdan, Xaçmaz rayonu da istisna deyil. Hazırda rayonun qazlaşma səviyyəsi 94,3 faizdir. O ki qaldı bir neçə kəndin qazlaşma məsələsinə, cari il ərzində Əhmədoba və Hacıəhmədoba kəndlərinin qazlaşdırılması reallaşacaq. Yerdə qalan bir neçə kəndin, o cümlədən Tikanobanın qazlaşdırılması məsələsi isə mövcud maliyyə resursları çərçivəsində növbəti mərhələdə həll olunacaq".
Onu da qeyd edək ki, Tikanoba kəndinin sosial problemlərindən biri də avtomobil yolu ilə bağlıdır. 9 kəndi birləşdirən və ümumilikdə 6 kilometr uzunluğunda olan yol uzun illərdir təmir olunmur.
Sakinlər deyib ki, bir qədər yağış yağan kimi yol həm piyadalar, həm də nəqliyyat vasitələri üçün keçilməz olur. Kənd camaatı bu məsələ barədə də müvafiq qurumlara müraciətlər ediblər, lakin hələ ki nəticəsi olmayıb.
Tikanobanın yol problemi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial iqtisadi inkişafı proqramı ilə öz həllini tapır: "Bu proqram çərçivəsində son illər ərzində mühüm layihələr icra olunub. Qeyd olunan yolun da yaxın gələcəkdə yenidən qurulması nəzərdə tutulub. Bununla bağlı işlərin icrası yaxın gələcəkdə təmin olunacaq".