Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda 2007-2012-ci illərdə yoxsulluq səviyyəsi 15,8%-dən 6%-ə qədər, işsizlik səviyyəsi isə 5,2%-ə qədər azalıb. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Azərbaycanda əhalinin işlə təmin olunması sahəsindəki vəziyyətlə bağlı xülasəsində deyilir.
Sənədə əsasən, Azərbaycanın əmək qabiliyyəti olan əhalisinin 77%-i işlə təmin olunub, onların yarısı xidmət sahəsində, 37% isə - kənd təsərrüfatı ilə məşğuldur.
Xülasədə qeyd olunub ki, Azərbaycan ÜDM 73,5 mlrd. dollar təşkil edir, onun 40% hasilat sənayesinin payına düşür. Buna baxmayaraq, əmək qabiliyyəti olan əhalinin yalnız 1% bu sahədə fəaliyyət göstərir.
Azərbaycanda işlə təmin olunmanın əsas riskləridən biri kimi DB ekspertləri ölkə əhalisinin sürətlə cavanlaşma faktını qeyd edir və gənc nəsli işlə təmin etmək lazım olduğunu diqqətə çatdırır. Ekspertlər bildirir ki, digər mühüm amillərdən biri ixtisaslı kadrların olmamasıdır.
Bank Azərbaycan hökumətinə əhalinin işlə təmin olunması sahəsində institusional islahatlar keçirməyi tövsiyə edir.
Qeyd edək ki, Dünya Bankı Ermənistan üzrə də oxşar xülasə dərc edib. Sənəddə qeyd olunur ki, ölkə əhalisinin 30%-i yoxsuldur, 16% əhali isə işsizdir. Həmçinin burada o da göstərilib ki, bir ildən artıq müddətdə 100 nəfərdən 52-si iş tapa bilmir.