Psixoloq: “Müharibə zamanı yaşanan stresin əsas nəticələri bir müddət sonra ortaya çıxır”

Psixoloq: “Müharibə zamanı yaşanan stresin əsas nəticələri bir müddət sonra ortaya çıxır” “Müharibədən sağ çıxan və posttravmatik stress pozuntusundan (PTSP) əziyyət çəkən insan şüur ​​baxımından o qədər dəyişir ki, onun mütləq psixofizioloji dəstəyə ehtiyacı yaranır. Hər hansı bir posttravmatik pozuntunun əsas müalicəsi psixoterapiyadır. PTSP
Sosial müdafiə
19 İyul , 2022 18:29
Psixoloq: “Müharibə zamanı yaşanan stresin əsas nəticələri bir müddət sonra ortaya çıxır”

“Müharibədən sağ çıxan və posttravmatik stress pozuntusundan (PTSP) əziyyət çəkən insan şüur ​​baxımından o qədər dəyişir ki, onun mütləq psixofizioloji dəstəyə ehtiyacı yaranır. Hər hansı bir posttravmatik pozuntunun əsas müalicəsi psixoterapiyadır. PTSP-nin müalicəsi, adətən, iki-üç il çəkir”.

Bunu “Report”un Rusiya bürosuna “Harmoniya” Qabiliyyətlərin İnkişafı Akademiyasının baş direktoru, pedaqoq-psixoloq Aleksandr Balıkin deyib.

“PTSP döyüş əməliyyatlarında iştirak, yaralanma, travma, əzab çəkmə, həyat təhlükəsi, digər insanların ölümünü izləmək kimi tək və ya təkrarlanan travmatik vəziyyət nəticəsində yaranan ağır psixi vəziyyətdir.

Bu sindrom xroniki yorğunluq, narahatlıq səviyyəsinin artması, baş ağrıları, yuxusuzluq, tənəffüs problemləri və yaddaşın pozulması şəklində özünü göstərir.

Ailə üzvləri arasında, adətən, veteranlar olmadığından PTSP-dən əziyyət çəkənlər qohumlarından uzaqlaşır və özünü tənha hiss edir. Çox vaxt döyüşçülər təkbaşına işlədikləri iş yerləri seçirlər. Çünki onlar kollektivə yaxşı inteqrasiya edə bilmirlər.

“Əfqan sindromu” da deyilən bu xəstəlikdən əziyyət çəkən insanlarla məşğul olunmasa, onların özlərinin sosial həyata inteqrasiyası çox çətin olur”, - A.Balıkin bildirib.

Onun sözlərinə görə, sindromun başqa adı da var - gecikmiş stress: “Bunun səbəbi odur ki, döyüş əməliyyatları zamanı yaşanan stressin əsas nəticələri hadisə başa çatdıqdan dərhal sonra deyil, müəyyən müddətdən sonra üzə çıxır; əsəb pozğunluqları, halusinasiya ilə “həmsərhəd olan” xatirələr ilə bağlı vəziyyət getdikcə gərginləşir. Müharibənin təkrar-təkrar yaşanan dəhşətləri həmişə emosional partlayışlar, sonradan yorğunluğa, güc itkisinə səbəb olan yüksək həssaslıq ilə müşayiət olunur.

Gecələr belə adamı rahat buraxmayan kabuslu xatirələr və yuxular psixoza və yuxuya getmə ilə bağlı problemlərə gətirib çıxarır.

Soyuq tər içində gecə oyanmaları, ürək döyüntülərinin artması və psixi gərginlik “Əfqan sindromu”ndan əziyyət çəkən insanın həyat keyfiyyətinə təsir etməyə bilməz. Yorğunluq zamanla yığılır və nəticədə depressiyaya, diqqətin zəifləməsinə, travmatizmin artmasına, narkotik vasitələr və alkoqollu içkilər vasitəsilə reallıqdan qaçmağa, intihara meylli olmağa gətirib çıxarır”, - psixoloq bildirib.

Onun sözlərinə görə, PTSP xəstəsini daim narahat edən başqa bir problem də var, bu, ölən yoldaşları qarşısında günahkarlıq hissidir: “Belə insan daim narahat olur və düşünür ki, dostları və əsgər yoldaşları yaşamırsa, onun da yaşamağa haqqı yoxdur. Bu ağır vəziyyət çox vaxt intihara cəhdlə nəticələnir”.

Psixoloq vurğulayıb ki, döyüşdən keçənlərin posttravmatik sindromun əlamətlərinin görünməsini gözləməyə ehtiyac yoxdur. Ciddi fəsadların qarşısını almaq üçün müharibədən qayıtdıqdan sonra ilk ay ərzində və ya ən azı PTSP-nin ilk əlamətləri görünən kimi psixoloji məsləhət almaq lazımdır.

“Bu sindrom artıq sülh dövründə bir çox döyüşçünün həyatına son qoyub. Onlar sadəcə olaraq müharibədəki hadisələri qəbul edə bilməyiblər, sonra isə mülki həyatda özlərini tapa bilməyiblər və özlərini lazımsız, tənha hiss edərək, bu həyatdan köçmək qərarına gəliblər”, - A.Balıkin əlavə edib.

PTSP-dən əziyyət çəkənlərin müalicə üsullarından danışan psixoloq qeyd edib ki, bu patologiyanın ümumi müalicə sxemi yoxdur, çünki bu, xəstəlik deyil, hər kəsdə özünəməxsus şəkildə özünü göstərən psixi pozğunluqdur.

“İstənilən posttravmatik pozğunluğun əsas müalicəsi psixoterapiyadır. Burada davranış pozğunluqlarına səbəb olan fikirləri müəyyən etmək və düzəltmək üçün xəstənin davranışını dəyişdirməyə əsaslanan koqnitiv-davranışçı terapiyaya böyük rol verilir. Başqa sözlə, “Əfqan sindromu”ndan əziyyət çəkənlərin təfəkkür istiqamətində dəyişiklik, obsesif düşüncə və ideyalara, uydurulmuş qorxulara qarşı mübarizə gedir. Bunun üçün tez-tez avadanlıq, o cümlədən də stress səviyyəsini, duyğuların yatırılma sahələrini, narahatlıqların aradan qaldırılmasını, obrazlarda və düşüncələrdə fiksasiyanı müəyyən etməyin mümkün olduğu dəri-qalvanik reaksiyadan istifadə olunur.

Psixi pozğunluğun patoloji prosesini tətikləyən triggerlərin “zərərsizləşdirilməsindən” sonra insan tədricən tətiklərə öyrəşir və onlar artıq onda əvvəlki kimi şiddətli reaksiya yaratmır.

Dramatik təcrübəni qəbul etmək və emal etmək üçün xüsusi psixoterapevtik seanslar keçirilir ki, bu seanslarda xəstə qorxulu hadisələri yenidən yaşamağa, onları psixoloqla ətraflı müzakirə etməyə və onları yeni formada qiymətləndirməyə məcbur edilir.

PTSP kəskin formadadırsa və xəstə yaxşı ünsiyyət qurmursa, həkimə pozğunluğun mənşəyini görməyə, arzuolunmaz simptomların inkişafına səbəb olan faciənin tam mənzərəsini bərpa etməyə kömək etmək və PTSP müalicəsinin effektiv üsul və vasitələrini seçmək üçün bir saatlıq hipnoz seansları tələb oluna bilər.

Bir qayda olaraq, bu cür prosedurlar 2 ildən 3 ilə qədər davam edir”, - psixoloq fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi