Son vaxtlar Azərbaycanda qazilər və müharibə əlillərindən bəziləri arasında özünü öldürmə və zərər verməyə cəhd hadisələrinin olması təəssüf doğurur. Ekspertlərin araşdırmaları onu deməyə əsas verir ki, həmin veteranlar müharibədə aldıqları travmaların təsirindən bu kimi davranışlar sərgiləməyə davam edirlər.
Tarixin bütün dövrlərində müharibələrin yaşandığı ölkələrdə bu kimi hadisələrin bənzərinə rast gəlmək olar. Müharibə veteranlarının döyüşlərdə aldığı travmanın təsirindən zehni, emosional və mənəvi zədələrlə özünü büruzə verən sindromun diaqnozu ilk dəfə ABŞ-da qoyulub. Belə ki, 1964-1975-ci illərdə baş vermiş Vyetnam müharibəsindən sonra yüzlərlə müharibə veteranı intihar edib. Mütəxəssislər “Vyetnam sindromu” termini ilə baş verənlərin görünməyən tərəflərini ortaya çıxarıblar.
Misal olaraq, hazırda Ukraynada davam edən müharibədə bu hallara tez-tez rast gəlinir. Belə ki, Ukraynanın Baş hərbi prokuroru Anatoli Matios bildirib ki, Donbasın ilhaqından sonra ən azı 554 hərbçi intihar edib. Onun sözlərinə görə, döyüşlər zamanı 3 784 Ukrayna əsgəri həlak olub və belə çıxır ki, öldürülən hər yeddi əsgərə bir nəfər intihar edən düşür.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Report”a açıqlamasında deyib ki, müharibədə iştirak edən müharibə iştirakçılarının əksəriyyəti posttravmatik stress pozuntusundan əziyyət çəkir:
“Bunu daha dəqiq müəyyən etmək üçün bəzi psixoloji diaqnostikadan keçirmək mütləqdir. Yaralanan, aktiv döyüşdə iştirak edən (yanında əsgər yoldaşları həyatlarını itirib) və arxa cəbhədə vuruşanlar kateqoriyası var. Bu şəxslər təsnifatlaşdırılmalıdır. Posttravmatik stress pozuntusu da hər bir insanda fərdi şəkildə özünü büruzə verir. Kimində özünəqapanma, digərində kəskin aqressiya halı, başqa birində zərərli vərdişlər yarana bilər. Ona görə də ilk növbədə posttravmatik stress pozuntusunun hərbi qulluqçuda özünü hansı formada büruzə verdiyini müəyyənləşdirmək lazımdır. Bundan sonra onlara müdaxilə proqramı hazırlanmalıdır. Bu proqram əsasında onlara psixoloji dəstək və lazım olarsa sosial psixoloji reabilitasiya işi aparılmalıdır. Təbii ki, bu işlər bir dəfə olan proses deyil”.
E.Rüstəmov bildirib ki, psixoloji dəstək davamlı şəkildə və fərdi formada aparılmalıdır: “Bəzən lazım olsa, qrup şəklində psixoloji qrup terapiyaları keçirilməlidir. Müharibədə iştirak edən hərbi qulluqçuların heç də hamısı Bakıda yaşamır. Odur ki, onlara göstərilən psixoloji dəstək də əlçatan olmalıdır. Psixoloji dəstəyi rahat şəkildə əldə edə bilməsi üçün internet resurslarından istifadə edilə bilər. Bu da həmin şəxslərin vaxt itkisini aradan qaldıra bilər”.
Onun sözlərinə görə, bəzi hərbçilərin özünün fərdi narahatlığı olur:
“Misal olaraq, ailəsi ilə sosial problemi olan hərbçilərin ailələrinə də psixoloji yardım lazımdır. Çünki ailədəki problem həmin şəxslərdə gərginlik yaratmış olur. Yəni, bu iş kompleks şəklində aparılmalıdır. Odur ki, digər sosial problemlər də həllini tapmalıdır ki, psixoloji problemi olan şəxsin gərginliyi daha da artmasın. Elə qazi və hərbçilərimiz var ki, posttravmatik stress pozğunluğu daha kəskin formadadır. Həmin şəxslərlə xüsusi iş aparmaq lazımdır”.
Təşkilat sədri bu kimi psixoloji travmaların müalicəsinin olduğunu vurğulayıb:
“Müalicə müddəti problemə uyğun olaraq dəyişir. Bu, o demək deyil ki, psixoloqa ehtiyacı olan şəxs 5 il hər gün bu yardımdan yararlansın. Ola bilsin ki, ilkin mərhələdə intensiv psixoloji dəstəyə ehtiyacı olsun, sonradan bu, uzun aralı davam edə bilər. Psixoloji yardımla insanın həyat keyfiyyəti artdıqca ətrafdakılarla münasibətdə də müsbət irəliləyişlərə nail ola bilərik. Baxmayaraq ki, bu gün ölkədə psixoloq-kadr çatışmalığı var. Nəzərə almaq lazımdır ki, hər psixoloq da posttravmatik stress pozğunluğu ilə işləyə bilmir. Çünki bu, spesifik problemdir. Biz əlimizdən gəldiyi qədər imkan daxilində müharibə başlayandan bu günə qədər qazilərə, şəhid ailələri üzvünə ödənişsiz psixoloji dəstək göstəririk. Bizim də limitimiz var. Bir psixoloq gün ərzində maksimum 5-6 nəfər qəbul edə bilər. Əlimizdə olan resurslardan düzgün istifadə edə bilsək, mövcud problemin həlli istiqamətində bir çox nailiyyətlərə imza ata bilərik”.