Yuxarı

Pentensiar Xidmət: Müayinənin nəticələri Leyla Yunusovanın həyatı və sağlamlığı üçün təhlükənin olmadığını göstərib

Onun səhhətinin ağır olması barədə yayılmış məlumatların şayiə xarakteri daşıdığı bir daha təsdiqlənib

Bakı. 30 dekabr. REPORT.AZ/ "Son zamanlar kütləvi informasiya vasitələrində Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Bəzi Avropa qurumları bununla bağlı öz narahatlıqlarını ifadə ediblər".

"Report"un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dəfələrlə Leyla Yunusovanın tibbi müayinəsini həyata keçirmək istəyib, lakin o, müxtəlif bəhanələrlə bu tibbi müayinələrdən imtina edib.

Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış Charite xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb.

2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Dr. Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professor Murad Məmmədov, professor Gəray Gəraybəyli, professor Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi - qanın laborator analizi, qarın boşluğu, kiçik çanaq orqanlarının və qalxanvarı vəzinin müayinəsi, yuxu arteriyalarının, vertebral arteriyaların və aşağı ətraf arteriyalarının doppler USM müayinəsi, döş qəfəsi orqanlarının, baş beynin və tam qarın boşluğunun kompüter tomoqrafiyası, EKQ, EXO-kg, ürəyin exoqrafiyası həyata keçirilib, oftolmoloqun, nevropatoloqun və onkoloqun konsultasiyası aparılıb. Müayinənin nəticəsi olaraq beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilmiş, nəticələr sənədləşdirilmiş və müayinə prosesinin video çəkilişi aparılıb. Dr. Kristian Vitt protokolu imzalayaraq bütün tibbi müayinələrin onun iştirakı ilə yeni diaqnostik üsulların tətbiqi ilə və beynəlxalq səviyyədə qəbul olunmuş diaqnostik və etik standartlara uyğun aparıldığını təsdiq edib.

Aparılmış müayinənin nəticələri təqsirləndirilən şəxs Leyla Yunusovanın həyatı və sağlamlığı üçün təhlükənin olmadığını göstərib, onun səhhətinin ağır olması barədə yayılmış məlumatların şayiə xarakteri daşıdığını bir daha təsdiq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi