“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycan hökuməti ilə qadın resurs mərkəzlərinin sayının artırılması üzərində çalışır”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros bildirib.
Onun sözlərinə görə, bu mərkəzlər kənd yerlərində yaşayan qadınlara təhsil almaq, həmçinin öz biznesini qura bilməsi, qərarlar qəbul edə bilməsi və s. üçün biliklər əldə etmək imkanı yaradır.
"Bu gün biz İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMTİP arasında əməkdaşlığın real nəticələrini görürük. Bu layihə həm də dövlətin milli sosial-iqtisadi siyasətinə uyğundur, çünki məşğulluğun artımı və sairəyə öz töhfəsini verir", - o deyib.
N.Queiroz vurğulayıb ki, hazırda ölkədə BMTİP-nin dəstəyi ilə 15 resurs mərkəzi fəaliyyət göstərir, daha iki mərkəzə isə dövlət dəstək verir. Daha çox qadının belə imkanlardan yararlanması üçün hazırda BMTİP Azərbaycan ilə birlikdə bu cür mərkəzlərin sayını artırmaq üçün çalışır.