Nazirlik: Yeni təsis olunmuş təqaüdlərin hələlik verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur
- 11 aprel, 2019
- 07:55
"Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələlik verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur".
Bunu "Report"a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı deyib.
O bildirib ki, qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.
"Əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib. Vətəndaşların diqqətinə çatdırırıq ki, onlar həmin yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün yeni təyin olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq", - Fazil Talıblı bildirib.