Şəhid Adil Rzayevin ailəsinin sosial vəziyyəti öyrənilib

Şəhid Adil Rzayevin ailəsinin sosial vəziyyəti öyrənilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və tabeliyindəki qurumların rəhbər şəxslərinin də Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir.
Sosial müdafiə
4253
23 Dekabr , 2020 18:11
Şəhid Adil Rzayevin ailəsinin sosial vəziyyəti öyrənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və tabeliyindəki qurumların rəhbər şəxslərinin də Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir.

ƏƏSMN-dən "Report"a verilən məlumata görə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Adil Akif oğlu Rzayevin ailəsi ilə görüşüb.

Sumqayıt şəhərində yaşayan ailənin yaşayış vəziyyəti ilə tanış olan Xidmət rəisi ailənin dövlətin qayğısı ilə əhatə olunduğunu, ailə üzvlərinə müvafiq sosial ödənişlərin təyin edilməsi işlərinin aparıldığını bildirib.

Son günlərdə bəzi saytlarda şəhidin anası Hüseynova Məhbubə Almaz qızının işdən çıxarılması ilə bağlı yayılmış məlumatın da əsassız olduğu qeyd edilib. Bildirilib ki, e-sistemdə onun əmək müqaviləsi qüvvədədir.

Xidmət tərəfindən M.Hüseynovanın işlədiyi müəssisə ilə əlaqə saxlanılarkən müəssisədən də onun işinə davam etdiyi və müqaviləsinə xitam verilməsinin nəzərdə tutulmadığı deyilib. Şəhid anasına onun işinə davam etməsi məsələsinin bundan sonra da Xidmətin nəzarətində olacağı bildirilib.

Görüş zamanı şəhidin iki qardaşına işsiz olduqları üçün münasib iş, həmçinin növbədənkənar özünüməşğulluq proqramına cəlb edilmələri təklif edilib.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata alındıqları halda gələcəkdə növbəlilik əsasında evlə təmin edilə biləcəkləri barədə də məlumat verilib.

Son xəbərlər

Orphus sistemi