Prezident
2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir. Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq.
İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır.
Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq.