“Himayədar ailəyə verilən uşaqların sayı 3-dən çox ola bilməz. Lakin burada bacı-qardaş məsələsi istisnadır. Çünki həmin uşaqların ayrılmasına yol verilmir. Onlar sistemdə qeydiyyata alınanda belə bacı-qardaş olması qeyd olunur”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığagötürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov deyib.
O bildirib ki, bir ailə içərisində himayəyə verilən uşaqlar da daxil olmaqla ümumi uşaq sayı 5-dən artıq olmamalıdır: “Himayəyə uşaq götürən valideyn və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında müqavilə imzalanır. Lakin müqavilənin hansı müddətdə olması ilə bağlı qanunvericilikdə konkret müddəa yoxdur”.
Şöbə müdiri bildirib ki, müqavilənin müddəti qarşılıqlı istək əsasında formalaşır: “Burada himayədar ailənin istəyi və niyyəti önəmlidir. Misal olaraq, himayədar ailə ilkin olaraq ola bilər ki, müqaviləni 3 aylıq müddətə bağlansın. Əksər hallarda himayədar valideyn və uşaq arasında düzgün münasibət formalaşır. Müəyyən narazı hallar olduqda isə müqaviləyə xitam verilir. Ümumilikdə isə altsistemə uşağın bütün istəklərinin hamısı qeyd olunur”.
Qeyd edək ki, “Himayədar ailə” modelinin tətbiqində əsas məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsinə və inkişafına şərait yaratmaqdır. Həmin ailələrə himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət verilir. Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələrin hər rübdə bir dəfə 200 manat birdəfəlik müavinətlə təmin edilir.