Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Himayədar ailə" institutunun detallarını açıqlayıb.
"Report"un sualını cavablandıran nazir əsas məqsədin valideyn himayəsindən məhrum olan uşaqların sosial xidmət müəssisələrində deyil, ailələrdə böyüməsini təmin etmək olduğunu deyib.
Nazir bildirib ki, həmin ailələrə dövlətin müvafiq sosial xidmət dəstək mexanizmləri müəyyən edilib:
"Həmin mexanizmlər çərçivəsində o ailələrə dəstək veriləcək ki, uşaq hansısa sosial xidmət müəssisəinə düşməsin, ailədə böyüsün. Əgər himayədar ailə metodu işləməsə, onda uşaq sosial xidmət müəssisəsinə yerləşdiriləcək və onun övladlığa verilməsi istiqamətində işə başlanılacaq".
S.Babayev əlavə edib ki, dövlətin burada niyyəti və məqsədi birmənalı olaraq mümkün qədər uşaqların sosial xidmət müəssisələrindən kənarda böyüməsidir:
"Ona görə də himayədar ailə olaraq ilk olaraq uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da alınmayanda övladlığa verilməsi mexanizmidir. Valideyni itirmiş və ya valideyin himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı bu proses izləniləcək. Düşünürük ki, bu mexanizm dünyada olduğu kimi Azərbaycanda da uğurlu nəticə verəcək".
Qeyd edək ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.