"Ölkədə hər gün az qala bir qadın öldürülür, yüzlərlə qadın xəsarət alır. Ötən il qətlə yetirilənlərdən 24-ü yetkinlik yaşına çatmayanlar olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən il üzrə açıqladığı statistika olduqca məyusedicidir və ciddi narahatlıq doğurur".
Bunu "Report"a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.
Onun sözlərinə görə, öldürülən qadınların sayı cəmiyyətdə gender əsaslı zorakılığın geniş yayıldığını göstərir:
"Müvafiq qurumlar bu istiqamətdə nə qədər çalışsa da, nəticə göz qabağındadır. Qurbanlardan 24-nün yeniyetmə olması xüsusilə narahatedicidir. Deməli, qadınlar, yeniyetmə qızlar kifayət qədər müdafiə və dəstək sistemlərilə əhatə olunmayıblar. Bu statistika qadınların təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Qətlə yetirilən qadınların əksəriyyəti ailə-məişət zorakılığının qurbanlarıdır. Hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, günahkarların ən ağır məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Qadınlara qarşı cinayət törədənlər sərt şəkildə, özü də hər kəsə dərs olacaq şəkildə cəzalandırılmalıdır! Qadınlara qarşı zorakılıq əməlləri, qətllər cəmiyyəti yaralayır. Bu cür zorakılıq təkcə qurbanlara və onların ailələrinə təsir etmir, həm də daha geniş ictimai təsirə malikdir. Bu, qadınlarda, gənc qızlarda qorxu aşılayır, qadınların azadlığını məhdudlaşdırır, onların sosial, iqtisadi və siyasi fəaliyyətlərdə iştirakını əngəlləyir. Ona görə də, müvafiq qurumlar dərhal hərəkətə keçməli, geniş hüquqi islahatlar aparılmalıdır".
A.Musayeva bildirib ki, təkcə maarifləndirmə işləri yetərli deyil, bu gün yaşından asılı olmayaraq bütün qadınlar üçün daha təhlükəsiz mühit yaradılmalıdır:
"Qadınların, qızların öldürülməsinin və məişət zorakılığının qarşısının alınması üçün geniş media kampaniyalarına ehtiyac var. Ailələrdə qarşılıqlı hörmət və sağlam münasibətlər təşviq edilməlidir. Qadınları zorakılıq, şiddət və hər cür təzyiqlərdən qorumaq üçün onların gücləndirilməsi lazımdır. Qızların təhsil alması, özünü inkişaf etdirməsi, karyera qurması, maliyyə müstəqilliyi bu gücü təmin edəcək. Ona görə də ailələr qız övladlarının təhsilinə xüsusi diqqət göstərməlidir. Valideynlər qızları erkən nikaha məcbur etməməlidirlər. Təcrübə göstərir ki, zorakılıqla üzləşən qadınlar adətən erkən nikahın “qurban”ları olur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapan daha bir həyəcanlı statistika hələ də cəmiyyətin bu “bəla”dan qurtulmadığını təsdiqləyir. Ötən il Azərbaycanda 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub. Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran iqtisadi rayonları üzrə qeydə alınıb. Bu, çox ciddi rəqəmlərdir".
Mərkəz rəhbəri vurğulayıb ki, erkən nikah yetkinlik yaşına çatmayan qızlara qarşı cinayətdir və mütləq bu halların qarşısı alınmalıdır:
"Bu baxımdan, Azərbaycanda qanuni nikah yaşı ilə bağlı bütün istisnalar aradan qaldırılmalıdır. Ailə Məcəlləsinə yenidən baxılaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşının 18 yaş olması qətiləşdirilməli, heç bir istisnalara yol verilməməlidir. Erkən yaşda qızların, eləcə də oğlanların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah yeniyetmə qızların həyatına risklər yaradır, bir sıra hallarda cinayətlərin “qurbanı”na çevirir. Nəticədə bu gün qadın cinayətləri ilə bağlı dəhşətli statistika ilə üzləşirik".
Uşaq İnkişaf Mərkəzinin rəhbəri qeyd edib ki, bütün bunlar Azərbaycanda qadın və qızlarımızın hüquqlarının müdafiəsindəki zəifliklərin aradan qaldırılmasını zəruri edir:
"Həmçinin qadınlar üçün pulsuz hüquqi yardım, psixoloq xidmətlərinin yaradılması, sığınacaqların sayının artırılması və Qaynar Xətlərin fəaliyyəti zorakılıq halları ilə mübarizəni gücləndirə bilər. Bundan başqa texnologiyaların inkişafı da mübarizə tədbirlərində innovasiyaların tətbiqinə yol açır. Zorakılıqla üzləşən qadınlara fövqəladə hallarda tez kömək istəməyə imkan verən mobil proqramların hazırlanması, həmçinin beynəlxalq praktikada geniş yayılan təhlükə anında bütün səlahiyyətli qurumları xəbərdar edə bilən mobil cihazlardan istifadə olduqca faydalı olardı".