"Məktəblərin qarşısında şəxsi avtomobillərin dayanma-durmasına qadağa qoyula bilər".
Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, məktəblərin qarşısında maşınların sıx dayanması və şagirdlərin hərəkətinə maneə törətməsində əsas məsuliyyət yaxında yerləşməsinə baxmayaraq, uşaqlarını avtomobillə gətirən valideynlərin boynuna düşür: ”Həmin ərazilərdə maşınların dayanmasına qadağa qoyulması qanunvericilikdə öz əksini tapmayıb. Ancaq bu hallar daha da artır. Bununla bağlı şikayətlər daxil olsa, həmin ərazilərdə dayanma-durmanı qadağan edən hər hansı nişan qoyula bilər”.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli "Report"a deyib ki, ümumi yolların kənarında yerləşən məktəblərin qarşısında "Dayanma-durma qadağandır!" nişanları qoyulubsa, onun tələblərinə riayət edilməlidir: “Məktəblərin qarşısında dayanma-durmanın qadağan olması ilə bağlı nişanların quraşdırılması yalnız müvafiq qurumların rəyi əsasında həyata keçirilə bilər. Həmin nişanları da ərazidə nəqliyyat axınının vəziyyətini qiymətləndirdikdən sonra quraşdırmaq olar”.
Azərbaycanda yol nişanlarının quraşdırılmasını həyata keçirən səlahiyyətli orqan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olduğundan qurumun mətbuat katibi Tural Orucov "Report"a açıqlamasında vurğulayıb ki, Bakı şəhərində parklanma şəraitinin təkmilləşdirilməsi, tıxac və sıxlığın qarşısının alınması, küçə və prospektlərin buraxıcılıq qabiliyyətinin artırılması məqsədilə AYNA-nın mütəxəssisləri mütəmadi olaraq araşdırmalar aparır, bu istiqamətdə tədbirlər görür, müvafiq yol nişanları quraşdırırlar: “Təhsil müəssisələrinin ətrafında parklanma şəraitinin optimallaşdırılması üçün quraşdırılan 5.15 (duracaq yeri), 3.27 (dayanmaq qadağandır), 3.28 (durmaq qadağandır) yol nişanlarının yerləri müəyyənləşdirilərkən yol sahəsinin həndəsi ölçüləri, nəqliyyatın intensivliyi, parklanma tələbatı, ərazidə ümumi nəqliyyat şəraiti kimi bir sıra amillər nəzərə alınır. Təhlillər göstərir ki, hazırki vəziyyətdə təhsil müəssisələrinin ətrafında parklanma ilə bağlı müşahidə olunan problemlər isə əsasən yol nişanları ilə əlaqədar deyil. Belə ki, bir çox hallarda valideynlər şəxsi nəqliyyat vasitələrini yolun ikinci, üçüncü hərəkət zolaqlarında park edirlər. Nəticədə həmin təhsil müəssisələrinin yerləşdiyi yol sahələrində günün əsasən pik saatlarında tıxac və sıxlıq müşahidə olunur. Bu problemlərin qarşısının alınması məqsədilə AYNA aidiyyəti qurumları ilə birlikdə “Məktəb avtobusu” layihəsini nəzərdən keçirir”.
Afət Əlipaşayeva