"Məktəbin təhsil sahəsində bullinqin olması ailədə toplanmış mənfi enerjini çölə atmaq istəyi ilə izah edilir, müəllimlərin bu problemlə mübarizə aparmaq isməməsi isə məktəb daxilində aqressiv təqibin yayılmasına və inkişafına kömək edən əlavə faktordur".
Bunu "Report"a Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Gülnarə Həsənova deyib.
Onun sözlərinə görə, məktəbdə təqiblə çox sayda uşaq rastlaşır: "Elmi ədəbiyyatda bir şəxsə qarşı yönələn belə mənfi psixoloji təzyiq bullinq (ingiliscə "bullying" sözündən olub, kollektivin üzvlərindən birinə qarşı aqressiv təqib, təhqiredici hərəkət, psixoloji terror mənası verir - red.) adı alıb".
Psixoloq qeyd edib ki, müasir dünyada təhsil sistemində uşaqların təqib edilməsi problemi həm pedaqoqlar, həm də psixoloqlar üçün çox aktualdır.
Ümumiyyətlə, məktəbdə təqib haqqında ilk qeyd uzun müddət əvvəl, 1905-ci ildə olub. Lakin bu məsələ ilə bağlı məlumatların sistemləşdirilməsinə XX əsrin 90-cı illərində başlanılıb.
"Uşaqlarda və yeniyetmələrdə bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxaran halların sayı xüsusi narahatlıq doğurur. Şəxsiyyətin gələcəkdə formalaşması və inkişafı belə problemlərin həllindən asılıdır. Bəzi hallarda isə yaranmış vəziyyətin "səliqəli" həlli onun yoluna qoyulması ilə nəticələnir. Demək olar ki, bütün uşaqlar məktəbdə təqibə məruz qalır. Bu məsələni təhlil edərkən ailə problemlərinin uşağın ümumi emosional fonuna təsirini nəzərə almamaq olmaz. Çünki bu, sinif yoldaşları ilə qarşılıqlı münasibətə, müəllimlərlə ünsiyyətə və s. təsir göstərir. Ailədə etimad ab-havası, səmimi maraq, uşaqla daim ünsiyyətdə olmaq - bütün bunlar valideynlərə uşağın psixoloji inkişafının hər yaş dövründə ortaya çıxan çətin ziddiyyətləri tez və ağrısız şəkildə həllinə kömək edəcək", - deyə psixoloq bildirib.
Eyni zamanda onun sözlərinə görə, məktəb təqibi həm fiziki, həm də emosional olaraq özünü göstərə bilər ki, bu da həm şagirdlərə, həm də şagirdlər tərəfindən müəllimlərə qarşı münasibətdə ortaya çıxa bilər: "Məktəbin təhsil sahəsində bullinqin olması ailədə toplanmış mənfi enerjini çölə atmaq istəyi ilə izah edilir, müəllimlərin bu problemlə mübarizə aparmaq isməməsi isə məktəb daxilində aqressiv təqibin yayılmasına və inkişafına kömək edən əlavə faktordur. Qeyd etmək lazımdır ki, bu gün bullinq ayrıca sosial hal kimi nəzərdən keçirilə bilər. Belə ki, onun sayəsində ətrafa yönəlmiş nifrət, aqressiya vasitəsilə fərdin formalaşmamasının köçürülməsi və gizlədilməsi baş verir".
Nə böyüklərin uşağın məktəbdə çətinlik çəkdiyini düşünməsi üçün siqnal ola bilər?
"Təbii ki, qançır və ya cızıq izləri ilə müqayisədə psixoloji travmaları aşkar eləmək çətindir. Valideynlər aşağıdakı simptomlara diqqət yetirməlidirlər: uşaq gecələr kabus görür, iştahsızlıq, konsentrasiya ola bilmir, aqressiya, qorxu, günah hissi, ara-sıra qəzəblənmə, tez yorgunluq və s. Özünütəsdiq, lider olmaq arzusu, başqalarından daha yaxşı olduğunu göstərmək, özünü hədindən artıq qiymətləndirmək həm müəllimlər, həm də sinif yoldaşları tərəfindən heç də adekvat qarşılanmır. Psixoloji təqib xüsusilə uşağın şəxsiyyətinin formalaşmasında keçid mərhələ olan yetkinlik dövründə baş verə bilər", - psixoloq bildirib.
- İnciklikdə "ilişib qalmayın". Sənə nə qədər pis olursa, səni incik salana bir o qədər xoş olur!
- Özünəinam üzərində işləmək, özünütəsdiq üçün meydan yaratmaq;
- Emosiyalarınızı nəzarət altında saxlamağı öyrənmək;
- Vəziyyətə digər tərəfdən baxın. Sizi incik salanda aqressiyanın, qəddarlığın olması onun özündə problemlərin olduğunu göstərir.
- Müsbət düşünmə. Müsbət keyfiyyətlərinizi qiymətləndirin, bacarıqlarınızdan xəbərdar olun və özünüzə əmin olun.
Qeyd olunan problem çərçivəsində G.Həsənova təhsil sistemində psixoloji təqibin qarşısının alınması və dayandırılmasında məktəb psixoloqunun rolunu vurğulayıb.
"Bu qrup şagirdlərlə sistemli işlər aparmaq, bu məsələnin işıqlandırılmasına həsr olunan treninq və seminarların təşkil edilməsi, profilaktik bullinq proqramlarının təcrübədə hazırlanıb işlənməsi və təbiq edilməsi, təqibin konkret epizodları ilə işləmək, işə zorakılıq qurbanının və təcavüzkarın cəlb olunması, tolerantlıq və özünütənzimləmə bacarıqlarının artırılması, təqibə məruz qalan şagirdlərin mədəniyyət və bacarıqlarının artırılması - bu, məktəbdə görülməli olan işlərin tam olmayan siyahısıdır", - deyə psixoloq fikrini tamamlayıb.