Mediasiya zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi müzakirə olunub

Mediasiya zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi müzakirə olunub Ədliyyə Nazirliyi, UNICEF və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən "Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı" mövzusund
Sosial müdafiə
31 May , 2022 11:39
Mediasiya zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi müzakirə olunub

Ədliyyə Nazirliyi, UNICEF və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən "Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova tədbirdə açılış nitqi ilə çıxış edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ailədə baş verən mübahisələr uşaqlarda depressiya, davranış pozğunluğu yaradır: "Araşdırmalar nəticəsində mübahisələr oğlan və qız övladlarına fərqli təsir göstərir. Qızlara mənəvi təsir edirsə, oğlanlarda davranış pozğunluğu yaradır. Bunun üçün valideynlər boşanan zaman bunları nəzərə almalıdırlar. Uşaqlar hər bir xalqın gələcəyidir. Uşaqların sağlam, savadlı olması hər birimizdən asılıdır".

UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Haykens deyib ki, araşdırmalar uşaqlara qarşı psixoloji təzyiqlərin ölkələr üçün sosial, iqtisadi xərclər yaratdığını deyib: "Zorakılıq və boşanma zamanı sosial müdafiənin təmin edilməməsi uşaq hüquqlarının pozulmasıdır. "UNICEF bu kimi hallarda tədbirlər görərək uşaq hüquqlarının pozulmasının qarşısını almağa çalışır. Hər bir uşağın hüququnun qorunması üçün əlimizdən gələni edirik. UNICEF bu sektorlar arasında münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycanda aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir. Bu istiqamətdə müxtəlif layihələrin işlənməsinə diqqət göstərilməlidir".

Ombudsman Səbinə Əliyeva vurğulayıb ki, mediasiya uşaqların istəklərinə cavab verməlidir: "Boşanmalar bir çox hallarda adi hala çevirilir. Bəzən tərəflər hüquqa zidd hərəkətlər edirlər. Bu hallar daha çox uşağın kimdə qalması, uşağın harada yaşamasına və aliment hüququ ilə bağlı olur. Təəssüf doğuran məqamlardan biri də aliment ödənişləri ilə bağlı yaşanan çətinliklərdir".

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov qeyd edib ki, Mediasiya Şurası yeni yaranmasına baxmayaraq, bir çox ailədaxili mübahisələrin məhkəməyədək həll edilməsi baxımından olduqca vacibdir: "Azərbaycanda məişət zorakılığına məruz qalan uşaqların sayı az deyil".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva söyləyib ki, ilk beş ayda quruma uşaq tələbi ilə bağlı 110 müraciət daxil olub: "Uşaqla ünsiyyətlə bağlı 54, uşaqların digər qohumların himayəsinə verilməsi ilə bağlı 11 müraciət gəlib: "Bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarınada rast gəlinib".

A.Sofiyeva qeyd edib ki, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb: "Biz müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə etmişik. Ona görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır. Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün edildiyi halda konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökümət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır".

Son xəbərlər

Orphus sistemi