Həyatın yaranışının dörd ünsürünü - Su, Od, Yel və Torpağın oyanışını təmsil edən çərşənbələrin sonunda el adətinə görə ilaxır çərşənbə qeyd olunur. Lənkəranda İlaxır Çərşənbə xüsusi təmtəraqla keçirilir. Çərşənbə axşamı yeddi taya od qalayıb üstündən atlanmaq da adətdəndir.
"Report"un Cənub bürosu Lənkəran rayonunda qeyd edilən Novruz adətlərindən bəhs edərək bildirir ki, azyaşlı uşaqlar davul-nağara ilə səs-küy sala-sala həyət-həyət gəzib "Kosa-Kosa" deyib şirinlik alırlar. Sonra ailə süfrə başına yığışıb nemətlərdən, ləziz təamlardan dadır.
Ailəyə bağlılıq, ədəb, ünsiyyət, paylaşmaq, yaşlılara diqqət və bir çox tərbiyəvi məziyyətlər qədim və milli adətlərimizin zənginliyinin, gözəlliyinin nümunəsidir. Belə ki, adətə görə ilk olaraq evin böyüyü süfrəyə əl uzadır. Sonra digərləri. İlaxır Çərşənbə axşamı süfrədə səməni, rəngli şamlar, boyanmış yumurtalar, göy-göyərti, su, sim (balıq) olur.

Çərşənbə süfrəsində təamlar Novruz süfrəsindən fərqli olur. Hazırlanan yeməklərdə göy-göyərtidən daha çox istifadə olunur. Tərə, səbzi isə mütləqdir. Süfrənin ən qiymətlisi lənkəranlıların Ziyad adlandırdığı kütüm balığıdır. Balıq simi alınmadan təmizlənir, içərisinə məxsusi olaraq göy-göyərti qarışıqlı kürü doldurulur, bütöv halda təndirdə, yaxud sobada bişirilir. Süfrəyə də bütöv şəkildə qoyulur. Bu elə bir adət halı alıb ki, adi günlərdə belə bazarda digər balıqlara nisbətən baha satılan, Novruz ərəfəsində isə bir neçə dəfə bahalaşan Ziyadı hər kəs süfrəsinə qoymaq istəyir. İmkanı çatmayanlar da onu bir ay qabaqdan ucuz qiymətə alıb saxlayırlar ki, bayram süfrəsində mütləq olsun.
Təzə balıq həvəsində olanlarsa 25-60 manatlarından keçməli olurlar.
Söhbət Ziyaddan düşmüşkən, qeyd edək ki, Lənkəranda balığın ağzına qızıl əşya qoyub nişanlı qızların evinə xonça göndərmək də adətdəndir.

Əvvəllər qız-gəlinlər bir yerə yığışıb müxtəlif əyləncəli fallara maraq göstəriblər, niyyətini gizlədənlər isə qulaq falına çıxarmışlar. Ona görə evlərdə ancaq xoş söhbətlər edilməli imiş ki, qapıda qulaq falına çıxanlar yaxşı söz eşitsinlər. Bəzi kəndlərdə bu adət hələ də yaşadılır.
Bu qədim el bayramının ən dəyərli tərəfi isə qohumların arasında yaşlı olanları yad etmək, onların qayğısına qalmaqdır.
Lənkəranda Novruz çərşənbəsinin səhəri gününü gözləyənlər də az deyil. Sübh tezdən insanlar əllərində su qabları ilə yaşadıqları ərazidəki çayların, çeşmələrin başına gedirlər. Axar sudan götürüb evə gətirirlər. Evin xanımı həmin sudan ailə üzvlərinə, həyət-bacanın dörd-bir tərəfinə səpir ki, aydınlıq olsun, təzə ildə firavanlıq, bolluq, bərəkət olsun!




