MM-in komitə sədri: "Prezidentin imzaladığı Böyük Qayıdışa dair I Dövlət Proqramı tarixi qərardır"

MM-in komitə sədri: "Prezidentin imzaladığı Böyük Qayıdışa dair I Dövlət Proqramı tarixi qərardır" "Prezidentin imzaladığı Böyük qayıdışa dair I Dövlət Prorqamı tarixi qərardır".
Sosial müdafiə
17 Noyabr , 2022 12:47
MM-in komitə sədri: Prezidentin imzaladığı Böyük Qayıdışa dair I Dövlət Proqramı tarixi qərardır
Zahid Oruc

"Prezidentin imzaladığı Böyük Qayıdışa dair I Dövlət Proqramı tarixi qərardır".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

"Təklif edirik ki, 19 iyul 2022-ci ildə Ağalıdan başlanan yurda dönüş Böyük Qayıdış Günü kimi rəsmiləşdirilsin və dövlət protokoluna daxil edilsin. Bununla bərabər, hökumət Xankəndi və ətraf 3 bölgədə yeni səngər və təmas xətti quranlara qarşı yalnız hərbi vasitələrlə deyil, ermənilərin Azərbaycan cəmiyyətinə dönüşü və birgəyaşayışına dair planlarını açıq elan etsin. Paşinyan Azərbaycanda qalan ermənilərin gələcək məhvini iddia edir. Halbuki hökumət Sərsəng su qovşağında uğurlu çalışma nümunəsini genişləndirə, vətəndaşlıq statusu verəcəyi ermənilərin hüquqi təminatlarına aid proqramlarını bəyan edə bilər.

Xatırladaq ki, ötən əsrin 90-cı illərindən bu yana ilk dəfə, əhalinin 50 faiz azaldığı Xankəndi və ətraf 3 bölgəyə gələn il Ermənistandan 360 milyon dollar, yəni iki dəfə artıq vəsait ayrılacaq. Halbuki bizim planlarımız İrəvandan güclü olsa, bölgədə sülh və infrastruktur quruculuğu paralel aparıla, Soçi sənədində deyildiyi kimi, cəmiyyətlər barışa hazırlana və ermənilərin yaşadığı əraziləri də əhatə etməklə, onları separatizmdən xilas edə bilər" - o vurğulayıb.

Komitə sədri qeyd edib ki, hökumətin Böyük qayıdış qarşısında mühüm vəzifələrindən biri də 30 illik işğal dövründə doğma torpaqlarından uzaq düşən insanları yenidən əməyə, müqəddəs işə qaytarmaqdır:

"Babalarımız çarizm, Cümhuriyyət və sovetlər dövründə ucqarlarda, xam torpaqlarda misilsiz sərvətləri məhz əməkləri ilə yaradıblar. Doğma yurdlarına dönən 100 minlərlə insan içərisində çilingər, qaynaqçı, dülgər, elektrik, qaz ustası, traktorçu və digər peşələrə yiyələnən ixtisaslı əmək ordusu gərəkdir. Xatırladaq ki, azad olunan 7 rayon və Şuşa əhalisinin 360 min nəfəri iqtisadi fəaldır, 40 min nəfəri ali təhsillidir, 10 min nəfərinin isə heç bir təhsili yoxdur. Gələcəkdə ərzaq və çörək böhranına qarşı ən təsirli tədbir budur. Peşə məktəblərimizdə Silahlı Qüvvələr kimi xüsusi təyinatlı inşaat batalyonları yaratmalıdır".

Deputat bildirib ki, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 2 %-dək azalma, 60 yaşdan yuxarı əhalinin sayında 65% artım var. Əhalinin demoqrafik qocalması baş verir: "Ona görə də Böyük Qayıdışı həm də demoqrafik artıma çevirməkdən ötrü azad torpaqlarda doğulan uşaqlara yeni dövlət ödənişləri - Qələbə müavinətlərinin verilməsi təkcə sosial deyil, həmçinin mühüm siyasi qərar olardı. Dayanıqlı məskunlaşma, böyük ailələrin gələcək daxili miqrasiyasının qarşısının alınması hökumətin qərarlarından asılıdır".

Son xəbərlər

Orphus sistemi