Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində ailə qayğısından məhrum uşaqların “Naş dom” mərkəzində kukla tamaşası təşkil edib, uşaqlar üçün bayram tədbiri keçirib.
Bu barədə “Report”un Rusiya bürosu məlumat verir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova fondun uşaq evi ilə sıx əməkdaşlığından söhbət açıb: ”Fondun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva dəfələrlə burada uşaqlara baş çəkib, onlar üçün bayram tədbirləri təşkil edib. Burada tərbiyə alan uşaqlar dəfələrlə Bakıda səfər edib, oradakı 1 saylı uşaq evinin qonağı olub”.
“Naş dom” uşaq evinin direktoru Vadim Menşov Heydər Əliyev Fondu ilə əməkdaşlığın vacibliyini vurğulayıb: “Heydər Əliyev Fondu hər il Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlarımız üçün bayram təşkil edir. Yanımızda olan və köməyimizə çatan belə dostlarımızın olduğundan çox şadıq”.
Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları uşaqlara şirniyyat və oyuncaqlar hədiyyə ediblər.