Gəncədə 2018-ci ilin I rübünün yekunları müzakirə olunub

Gəncədə 2018-ci ilin I rübünün yekunları müzakirə olunub Bakı. 17 aprel. REPORT.AZ/ Gəncə şəhərində 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Sosial müdafiə
17 Aprel , 2018 20:46
Gəncədə 2018-ci ilin I rübünün yekunları müzakirə olunub

Bakı. 17 aprel. REPORT.AZ/ Gəncə şəhərində 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

"Report"un məlumatına görə, iclasda ilin ilk 3 ayının statistik göstəricilərinə nəzər salınıb, həyata keçirilməsi nəzərdə tutulan məsələlər müzakirə edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iclasda çıxış zamanı bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb: "Şəhərdə ictimai-siyasi sabitlik olmaqla dinamik makroiqtisadi göstəricilər əldə edilib. Şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilində, 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrə ixrac edilib. Şəhərimizdə təhsil, səhiyyə və mədəniyyətin inkişafı və bu strateji sahələrin maddi-texniki və tədris-metodiki bazasının getdikcə müasirləşdirilməsi, eləcə də yeni avadanlıqlarla təmin olunması, mövcud obyektlərin əsaslı surətdə yenidən qurulması və təmiri, yeni məktəb binalarının inşası şəhər rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Gənclər və İdman Baş İdarəsi şəhərin sosial-mədəni həyatında gənclərin fəal iştirakını təmin edib, müxtəlif mövzularda 2018-ci ilin birinci rübündə bir sıra tədbirlər həyata keçirib. Bu keçirilmiş 36 müxtəlif tədbirdə 5400 nəfərdən çox gənc və yeniyetmə iştirak edib".

İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncəçayın sel sularından mühafizəsi ilə bağlı sağ sahilində bənd vurulub. Çayın sol sahilində aparılan işlər isə yekunlaşmaq üzrədir. Sözügedən ərazidən 130 ailə köçürülmüşdü və yeni layihə nəzərə alınaraq daha 26 evin köçürülməsi prosesi 1 ay müddətinə yekunlaşmalıdır. Çayın sol sahili üçün işlənilən layihə də artıq hazırdır. Bu hissədə də bulvar kompleksi salınacaq. Layihəyə uyğun olaraq, bulvarda “Bayraq muzeyi”, yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvarda qapalı və açıq stadionların tikintisi də layihədə öz əksini tapıb.

Bildirilib ki, müxtəlif təyinatlı binaların tikintisi üçün tender elan olunacaq. Layihənin icrası investorların qoyduğu investisiya hesabına həyata keçiriləcək. İş adamlarının təqdim edəcəyi layihələrə də xüsusi baxış keçiriləcək. Şəhərin görkəminə yaraşan layihələrin icrasına icazə veriləcək. Nizami prospektində isə Gəncəçay körpüsündən Heydər Əliyev prosketinə qədər olan ərazidə 7 ədəd Gəncə memarlığına xas olan müxtəlif bloklu 9 mərtəbəli binalar inşa ediləcək. Binanın birinci mərtəbəsində iaşə obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi