“Qadın resurs mərkəzləri İsveçrə ilə Azərbaycan hökumətləri arasında əməkdaşlığın əla nümunəsidir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsveçrənin Beynəlxalq Əməkdaşlıq üzrə Məşvərət Komissiyasının prezidenti Feliks Qutzviller deyib.
“İsveçrənin Məşvərət Komissiyasının nümayəndələri iki ölkə arasında əməkdaşlıq layihələrinin necə inkişaf etdiyini görmək üçün Azərbaycana gəliblər. Bu səhər Qadın Resurs Mərkəzinə ziyarətimiz bizdə dərin təəssürat yaradıb. Bu mərkəz çox faydalıdır və iki ölkə arasında əməkdaşlığın əla nümunəsidir”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda belə resurs mərkəzləri yaxşı inkişaf edib: “Onların gələcək inkişafı Azərbaycanın 7 rayonunda da nəzərdə tutulub”.
F.Qutzviller qeyd edib ki, nümayəndə heyəti qadın sahibkarlar tərəfindən yaradılan və idarə olunan kiçik bizneslə bağlı yaxşı nümunələr görüb: “Resurs mərkəzlərinin yardımı sayəsində qadınların onlayn mağazaları var və bu, dərin təəssürat yaradır. Bu, bir çox qadın üçün yeni perspektivlər açır”.