Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 və 3 saylı Bakı "ASAN xidmət" mərkəzlərində "ASAN ödəniş" sistemi çərçivəsində terminallar vətəndaşların istifadəsinə verilib. Bu barədə "Report"a Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
"ASAN ödəniş" sistemi vasitəsi ilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər.
İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür. "ASAN ödəniş" terminalları vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir.
Xatırladaq ki, "ASAN ödəniş" sistemi "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Prezidentin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Prezidentin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən yaradılıb.