Bakı. 18 fevral. REPORT.AZ/ “İqtisadiyyatda baş verən proseslər, o cümlədən manatın məzənnəsi ilə bağlı problemlər pensiya sisteminə təsir göstərmir. Çünki pensiya sisteminin özünün bazar iqtisadiyyatı mühitində fiskal təsirlərdən qorunma mexanizmi var”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq hər il həm əmək pensiyalarının sığorta hissəsinin inflyasiya faizinə görə indeksləşdirilməsi aparılır, həm də sosial sığorta haqları şəklində ödənilən fərdi hesablarda qeydiyyata alınan pensiya kapitalları inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilir: “Bütün bunlar bazar iqtisadiyyatı mühitində pensiya sisteminin mənfi fiskal təsirlərdən, eləcə də inflyasiyadan qorunması müxanizmini ifadə edir”.
“DSMF-nin göstəricilərinə nəzər yetirildikdə neftin qiymətinin dəyişməsi, yaxud da iqtisadiyyatda baş verən digər proseslərin pensiya sisteminə təsir etmədiyini aydın müşahidə etmək olar. Hətta 2014-cü il Fond üçün kifayət qədər uğurlu maliyyə ili olub. Eyni zamanda, Fond il üzrə maliyyələşmələri qrafiklə nəzərdə tutduğu müddətdən əvvəl yekunlaşdırıb. Həmçinin ilin sonuna Fondun profisiti bu hesaba sərbəst qalıqda qalıb”, - o əlavə edib.