Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün hazırlanan qanunvericilik layihəsi üzrə işlər bu ilin noyabrında başa çatacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
O qeyd edib ki, layihənin hazırlanması üçün islahat konsepsiyasına uyğun olaraq konkret qrafik müəyyənləşdirilib: "Qrafikə uyğun olaraq ekspertlər beynəlxalq təcrübəyə əsaslanmaqla qanunvericilik layihəsini hazırlayıb ilin sonuna qədər hökumətə təqdim etməlidir. Hazırda bu istiqamətdə görülən işlər qrafikə uyğun sürətlə davam edir. Layihənin təsdiqlənməsindən sonra qanunvericiliyə uyğun şəkildə növbəti mərhələlərə start veriləcək".
Sədr, həmçinin xatırladıb ki, ötən dövrdə layihə üzrə ekspertlər qrupu kompleks araşdırma aparıb, beynəlxalq təcrübə və Azərbaycanda mövcud iqtisadi və demokrafik vəziyyət, qanunvericilik, maliyyə və sığorta-pensiya sistemini öyrənib, yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin çərçivə planları, aidiyyəti qanun layihələri hazırlanıb.