Elman Mehdiyev: "DSMF-nin xərcləri planlaşdırılarkən proqnozlar nəzərə alınıb"

Elman Mehdiyev: "DSMF-nin xərcləri planlaşdırılarkən proqnozlar nəzərə alınıb" Büdcə zərfi oktyabrın 20-də parlamentdə səsverməyə çıxarılacaq
Sosial müdafiə
14 Oktyabr , 2015 17:21
Elman Mehdiyev: DSMF-nin xərcləri planlaşdırılarkən proqnozlar nəzərə alınıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Hər il büdcə tərtib olunarkən sığorta hissəsinin indeksləşdirilməsi üçün nəzərdə tutulan vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulur. Növbəti il üçün Fondun xərcləri planlaşdırılarkən də İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi gözlənilən göstəricilərə uyğun olaraq pensiyaların sığorta hissəsinin maliyyələşdirilməsi, eləcə də indeksləşdirilməsi üçün zəruri vəsaitlər nəzərə alınıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Dövlət Sosial Müdafiə fondunun sədri Elman Mehdiyev Milli Məclisin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi zamanı çıxışında bildirib:

“İldə baş verən inflyasiya dərəcəsinə görə Prezident sərəncamlarına uyğun olaraq DSMF tərəfindən ilin əvvəlində pensiyaların sığorta hissəsi və sığortaolunanların fərdi hesablarında olan bütün pensiya kapitalları əvvəlki ilin inflyasiya faizinə uyğun olaraq indeksləşdirilir. Cari ildə də belə bir indeksləşdirmə həyata keçirilib. 2014-cü ildə 1,4%-lik istehlak qiymətləri indeksi qeydə alındı. Cari ilin əvvəlində sərəncama uyğun olaraq pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi həyata keçirildi".

O qeyd edib ki, cari ilin 9 ayında DSMF-nin gəlirləri 2 mlrd. 285 mln. manat, xərcləri 2 mlrd. 195 mln. manat təşkil edib.

İcmal büdcəsinin tərkib hissəsi olan DSMF-nin büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 3 078,6 mln. manat proqnozlaşdırılır.

Fondun xərclərinin 35,6%-i və yaxud 1 100,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 1 978,6 mln. manatı və yaxud 64,4%-i məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına qarşılanacaq.

Fondun xərclərinin 95,5%-i və yaxud 2 923,6 mln. manatı əmək pensiyalarının ödənilməsinə, qalan 155 mln. manatı və yaxud 5,0%-i məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, sığortaolunanların sanatoriya-kurort müalicəsinə və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə, Fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması və digər sosial təyinatlı xərclərə yönəldiləcək.

Qeyd edək ki, dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri oktyabrın 20-də səsverməyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi