Nazirlikdən "Report"a verilən məlumata görə, mərkəzdə azı 20 peşə/ixtisas üzrə təlim və treninqlər təşkil olunacaq.
Tədris olunacaq peşə/ixtisaslar əmək bazarının tələbləri əsasında təyin ediləcək. Belə ki, hansı sahələr üzrə işçi qüvvəsi çatışmazlığı müşahidə olunursa, həmin sahələr üzrə yeni əmək resurslarının hazırlanması məqsədilə kursların təşkilinə üstünlük veriləcək.
Məqsəd işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun ixtisas və peşələrə yiyələnmələrinə, nəticə etibarilə onların əmək bazarına çıxışına dəstək göstərməkdir.
Xatırladaq ki, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda müəyyən edilən hədəflər sırasında 2019–2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması da yer alıb. Hazırda Bakı, Göyçay və Naxçıvan şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir.