“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dəstəklənən “Technest” təqaüd proqramı Azərbaycan hökumətinin rəqəmsallaşma sahəsində gender bərabərsizliyi ilə necə mübarizə aparmasına və İT sahəsinə daha çox qadını necə cəlb etməsinə nümunədir”.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bu gün “DigitALL: İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma sahəsində gender bərabərsizliyi məsələsi çox vacibdir.
Səfir qeyd edib ki, ötən il iranlı Məhsa Əmininin ölümü qadınlara qarşı gender əsaslı zorakılıqla bağlı problemlərin olduğunu bir daha göstərib: “Böyük Britaniya hökuməti hesab edir ki, qadınların rəqəmsal savadlılığının artırılması gender əsaslı zorakılıq və bərabərsizliyə qarşı ümumi mübarizə üçün çox vacibdir”.