"BMT-nin hesabatına görə, 2021-ci ildə hər beş işçidən biri iş yerində fiziki, psixoloji, cinsi zorakılıq və təcavüzə məruz qalıb".
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Stefani Tremblay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və "Lloyd's" Qeydiyyat Fondunun (LRF) birgə hazırladığı hesabat 121 ölkədən 15 və daha yuxarı yaşda olan təxminən 75,000 işçi ilə müsahibələrə əsaslanıb: “Sorğuya əsasən müəyyən olunub ki, iş yerində zorakılıq və təqib halları ən çox Amerika qitəsində qeydə alınıb. Bu göstəricidə ikinci yeri isə Afrika qitəsi tutur".
Onun sözlərinə görə, hesabat göstərir ki, dünya üzrə qurbanların yalnız yarısı, əksər vaxt birdən çoxu zorakılıq və təqib formasına məruz qaldıqdan sonra öz təcrübələrini başqaları ilə bölüşüblər: "Məlum olub ki, bu kimi halların gizli saxlanılmasının səbəbi isə iş yerində reputasiya qorxusudur. Qlobal miqyasda işləyən qadın və kişilərin 17,9%-i iş həyatında psixoloji zorakılığa, 8,5%-i isə fiziki zorakılığa və təcavüzə məruz qaldıqlarını bildiriblər. Gənc qadınların cinsi zorakılığa və təcavüzə məruz qalma ehtimalı gənc kişilərə nisbətən iki dəfə çoxdur. İmmiqrant qadınlar isə qeyri-immiqrant qadınlarla müqayisədə demək olar ki, iki dəfə çox cinsi zorakılıq və təcavüzə məruz qalıblar”.