Bakı. 28 iyul. REPORT.AZ/ Bir müddət əvvəl təsis edilən “Baku Business Factory” biznes inkubasiya mərkəzinin fəaliyyəti, təşkilatın işlədiyi sektor, eləcə də yaxın ictimaiyyətin marağını nəzərə alaraq, "Report" təşkilatın direktoru Prof. Dr. Əlövsət Müslümovla müsahibəni təqdim edir:
- Əlövsət müəllim, may ayının əvvəlində rəhbərlik etdiyiniz “Baku Business Factory” biznes inkubasiya mərkəzinin fəaliyyətə başlaması haqqında məlumat ictimaiyyətə açıqlandı. Artıq təşkilat 3 aydır ki, fəaliyyət göstərir. Bu müddət ərzində BBF-yə maraq nə dərəcədə olub? Gənclər mərkəzin xidmətlərindən istifadə etmək üçün müraciət edirmi?
- Əvvəlcə qeyd etmək istəyirəm ki, mərkəzimizdə gənclərin biznes təşəbbüslərinə dəstək göstərmək üçün 2 struktur yaradılmışdır ki, bunlardan yalnız 1-i, Kovörkinq Mərkəzi, hazırda fəaliyyətdədir. 2-ci struktur bölməmiz olan Startap laboratoriyası isə sentyabr ayından etibarən fəaliyyətə başlayacaq.
Gənclərin mərkəzə olan marağına gəldikdə isə bəli, bu hətta gözlədiyimizdən daha yüksəkdir. Fəaliyyətə başladığımızı elan etdiyimiz gündən bugünə kimi BBF-yə ümumilikdə, 191 müraciət daxil olub və heyətimiz tərəfindən nəzərdən keçirilib. 116 müraciət Kovörkinq mərkəzi üçün göndərilib, qalan müraciətlər isə startap layihəsi üçündür. Əslində, müraciətlərin bu qədər çox olacağını gözləmirdik. Startap layihəmizin sentyabr ayında icraya başlayacağını nəzərə alsaq, sentyabr ayından etibarən müraciətlərin daha da çoxalacağını gözləmək olar.
- Sizcə, bu fəallıq nə ilə əlaqədardır?
- Artıq bir neçə ildir ki, dövlətimiz tərəfindən gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onların bu sahəyə olan marağının artırılması üçün müxtəlif işlər görülür. Həmçinin bəzi özəl şirkətlər də bu sahədə müxtəlif müsabiqələr, dəstək proqramları həyata keçiriblər. Bütün bu fəaliyyətlər gənclərin biznesə olan marağını artırıb. Xüsusilə də, dövlət tərəfindən həyata keçirilən proqramların və ayrılan qrantların nəticəsini xüsusi vurğulamaq olar.
- Bəs, göndərilən layihələr haqqında bizə qısaca nə deyə bilərsiniz?
- Göndərilən layihələr arasında çox uğurlu ola biləcək ideyalara rast gəlmək olur. Bunların bir çoxu yeniliklər vəd edir, digərləri fərqli yanaşmalar təklif edir, bəziləri istifadəçilər üçün çox sadə həll yolları yaradıb. Ümumilikdə, gələcək üçün potensial vəd edən layihələr irəli sürən gənclərimiz artıq özlərini göstərməyə başlayıblar. Bəzi layihələr ölkədən kənarda da xidmət göstərməyə hazırlaşır və artıq bu sahədə bəzi işlər görülüb. Biz ölkədən kənarda xidmət göstərəcək layihələrə də dəstək olacağıq və hazırda bu sahədə necə işləyəcəyimizi planlaşdırırıq. İnanırıq ki, Azərbaycanın gənc təşəbbüskarları artıq dünya bazarına çıxmağa hazırdır.
Sevindirici haldır ki, bu layihələrin əksəriyyətində düzgün biznes baxışını da görmək olur, yəni gənclərimiz yalnız yeniliklər tətbiq etmək deyil, bazardakı ehtiyacı düzgün formada qarşılamağa çalışırlar.
İnanıram ki, bu kimi gənc dostlarımız gələcəkdə ölkəmizdə biznes sahələrinin şaxələnməsində və dolayısıyla iqtisadiyyatımızın daha da güclənməsində əvəzsiz rol oynayacaqlar.
- Çox müzakirə olunan başqa bir məqam haqqında sizdən məlumat almaq istəyərdim. Baku Business Factory elan etdi ki, Kovörkinq Mərkəzi üçün seçilən layihələrdən heç bir maddi qarşılıq almayacaq, yəni bütün xidmətlər ödənişsizdir. Bu proses necə tənzimlənir, maliyyələşdirmə məsələsi necə həll olunur və məqsəd nədir?
- Bəli, Kovörkinq Mərkəzi işə başlayarkən biz elan etmişdik ki, göstərəcəyimiz bütün xidmətlər ödənişsiz olacaq və bu belədir də. Bizə müraciət edən layihələr əməkdaşlarımız tərəfindən nəzərdən keçirilir və araşdırılır. Əgər hansısa layihənin uğurlu ola biləcək potensiala sahib olduğu nəticəsinə gəlinərsə, həmin layihənin rəhbərləri ilə görüşüb, daha sonra bu haqda qərar veririk. Əgər layihə seçilərsə, onlar bütün xidmətlərdən heç bir ödəniş etmədən istifadə edə bilirlər. Startap layihəsində isə daha geniş dəstək proqramı nəzərdə tutulduğu üçün daha fərqli bir proses tətbiq ediləcək. Biz bu layihəyə başladıqda bütün proses və şərtləri ictimaiyyətə açıqlayacağıq.
Təşkilatın bütün maliyyələşdirməsi təsisçisi, iş adamı Anar Əlizadə tərəfindən aparılır. O, bunu heç bir maddi qarşılıq gözləmədən şəxsi vəsaiti hesabına edir. Anar Əlizadə öz şəxsi portalında (
BBF-nin əsas məqsədi biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi-texniki bazanın təmin edilməsini həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır. Biz bu yolla dövlət proqramlarını özəl sektor olaraq dəstəkləməklə ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafına dəstək verməklə ölkə iqtisadiyyatının daha da güclənməsinə töhfə verməyə çalışırıq.