“Onların arxasında oliqarxların dayanması faktı yoxdur”
Bakı. 22 iyul. REPORT.AZ/ “Sevil Massivi” MTK ilə əlaqədar 5 vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib və artıq məhkəmənin ilkin baxışı olub.
“Report” xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.
K.Əliyev bildirib ki, bu işlə bağlı vətəndaşlara dəyən ziyanın tam ödəniləcəyi ilə bağlı narahatçılığa heç bir əsas yoxdur: “İndiyə qədər vətəndaşlara dəyən ziyanın yarısının ödənilməsi təmin edilib. Digər tərəfdən, həmin 5 nəfərin əmlakı üzərinə həbs qoyulub. Ümid edirəm ki, məhkəmə bizim ilkin qərarla razılaşacaq və üzərinə həbs qoyulan əmklaklar satışa çıxarılacaq. Bu halda vətəndaşların digər yarısına dəyən ziyanı ödənilməsində problem olmayacaq”.
K.Əliyev onu da qeyd edib ki, mənzil-tikinti kooperativlərin arxasında oliqarxların, yaxud kimlərinsə dayanması faktı yoxdur: “Vətəndaşlar mənzil tikinti kooperativləri ilə bağlı məsələlərdə bir az ehtiyatlı olsunlar. Bizim tərəfdən yeni tikililərlə bağlı təkliflər hazırlanıb və hökumətə təqdim olunub. Tikilən binaların reyestri hansısa dövlət qurumu tərəfindən aparılmalıdır ki, vətəndaş mənzil almaq istəyərkən bunu yoxlada bilsinlər. Digər tərəfdən, vətənldaşlar artıq ayılıblar, son 3-5 ildə aldananlar yoxdur”.