Bakı. 21 may. REPORT.AZ/ "Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır".
"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhməov “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı konfransda deyib.
O bildirib ki, Azərbaycanda dayanıqlı inkişaf məsələləri hökumətin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir: "Dünyanın və insanların həyatının dəyişməsinin önündə duran ən vacib amillərdən biri layiqli əmək ilə bağlıdır. Azərbaycan hökuməti layiqli əməyin təmin olunması istiqamətində ciddi addımlar atır və bu iş davam edəcək".
Ə.Əhmədov qeyd edib ki, son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb: "Bu rəqəm Azərbaycanda fəal əhalinin 40 faizə qədərini təşkil edir. Bundan sonra da insanların əmək fəaliyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam edəcək. Azərbaycanda əmək bazarı kifayət qədər rəngarəngdir".
Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayına görə sürətlə artan ölkələr içərisindədir: "Hər il Azərbaycanda əhali 1,2 faizə qədər artır. Bu, kifayət qədər böyük rəqəmdir. Buna görə də bizim üçün hər il 100 mindən artıq iş yeri yaratmaq vacib məsələdir".