Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın bir sıra QHT rəhbərləri və tanınmış hüquqşünasları BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Qutereş adından yayılmış açıq müraciətə qoşulublar.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən "Report"a verilən məlumata görə, açıq müraciət məktubunda BMT QAK rəhbəri, təşkilatın xüsusi elçisi Ancelina Coli və 20-dən artıq məşhur insan və dünyanın fikir liderləri də “On il ərzində vətəndaşsızlığa son qoyulması” kampaniyasına qoşulduqlarını bəyan ediblər.
Açıq məktubda deyilir ki, bu gün dünyada on milyondan artıq insana onların heç bir yerə mənsub olmadığı deyilir. Məktubda bildirilir ki, "vətəndaşlığı olmayan şəxslər" adlandırılan insanlara vətəndaşlığın verilməsindən imtina edilməsi ilə onlar əsas hüquqlardan məhrum olurlar. "Vətəndaşsızlıq təhsilsiz, tibbi qayğısız, yaxud qanuni işədüzəlmə olmadan yaşanan bir həyat anlamına gələ bilər. Bu, azad hərəkət etmə qabiliyyətinin, perspektivin yaxud ümidin olmadığı bir həyat anlamına gələ bilər" - məktubda deyilir.
"Biz inanırıq ki, bu ədalətsizliyə son qoymağın vaxtıdır. Kifayət qədər cəsarət olarsa, bunun mümkün olacağını bilirik", - deyə, A.Quttereş məktubda bildirir.
Qeyd edək ki, açıq məktubu, Novella Cəfəroğlu, Mayis Əliyev, Həsən Həsənov və Azərbaycan tanınmış digər ictimaiyyət xadimləri imzalayıblar.