Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda ailələr arasında öz qız övladlarına Dursun, Zabutə, Semnarə, Subutə, Sudanə, Röyanə, Maret, Səmilə, Meyvə, Siya, hətta Kərəm kimi adlar verənlər var.
"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən doğulan körpələrə verilən adlar arasında bu cür adlar da qeydə alınıb.
Məsələn, son beş ildə iki qız uşağına Semnarə adı verilib. Eləcə də oğlanlara qoyulan adlar arasında Qeysərfərrux, Ramzey, Rovin, Rübab və s. bu kimi adlar var.
Professor Nizami Cəfərov "Report"a açıqlamasında deyib ki, Azərbaycanda ad potensialı kifayət qədər güclüdür. N.Cəfərov bildirib ki, uşaqlara qoyulan adlar arasında mürəkkəb, qeyri-adi adlar olur. Onun sözlərinə görə, ümumi prinsiplərə görə adlar milli olmalıdır: "Adlar milli, mədəni-mənəvi səviyyəmizi və xarakterimizi əks etdirməlidir. Bu, birinci şərtdir. Başqa vacib məqam odur ki, adlar modern və mümkün qədər yığcam olmalıdır. Bizim ad potensialımız kifayət qədər güclüdür. Amma problem ondadır ki, eyni adlardan çox qoyulur. Anar, Aytən, Aygün, Aynur kimi adlar həddindən artıq çoxdur. Bu vəziyyətin qarşısı alınmalıdır. Bunlar gözəl adlardır. Amma çox olanda, ümumi Azərbaycan şəxs adları səviyyəsində götürüləndə qüsur hesab olunur".
N.Cəfərov bildirib ki, çətin, mənası bilinməyən və ya həddindən artıq modern, eləcə də köhnəlmiş adlar var. Onun sözlərinə görə, bu cür hallar üzərində bir-bir düşünülməli məqamlardır: "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Adlar və soyadlarla bağlı komissiyası bir müddət əvvəl bu məsələ üzərində işlədi. Onlar müəyyən təkliflər verdi. Ədliyyə Nazirliyinin qurumları ad qoyacaq ailələrə müəyyən məsləhətlər verir, amma yenə də əsas mövqe valideynlərindir. Ailə mədəniyyətini, bütövlüyünü saxlamaq üçün insanlar öz nənə, babalarının adını övladlarına qoyur. Bu halda da fikirləşmək lazımdır. O adları necə var elə qoymaq bəzən doğru olmur. Çünki elə adlar var ki, çox köhnəlmiş olur və ya o qədər estetik olmur".
N.Cəfərov əlavə edib ki, türk əsilli sözlərdən ibarət olan, mənası anlaşılan adların yer aldığı kitablar var, amma çox azdır. Professorun fikrincə, izahı ilə bir yerdə verilmiş şəxs adlarından ibarət ayrıca kitablar olmalıdır: "Kitablar olmalıdır ki, hər kəs hansı adın nə mənaya gəldiyini bilsin. Ərəb, fars mənşəli elə adlar var ki, insanlar heç mənasını bilmirlər və necə var elə işlədirlər. Ona görə də şəxs adlarının izahı ilə birlikdə yer aldığı kütləvi nəşrlərə ehtiyac var".