"Aprel ayında birdəfəlik ödəniş alan şəxsin may ayında işləmək imkanı yaransa, onun işsiz kimi qeydiyyatı dayandırılır və məşğul şəxs hesab edilir".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Yeni TV"yə müsahibəsində deyib.
O bildirib ki, həmin şəxsə ikinci ay üçün 190 manat birdəfəlik ödəmə verilməyəcək.
Nazir müavini vurğulayıb ki, rəsmi işsiz şəxslərin yeni sayı ilə bağlı Dövlət Statistika Komitəsi ilə danışıqlar gedir və yekun rəqəmlər bəlli olduqdan sonra təqdim olunacaq.
A.Əliyev eyni zamanda 190 manatlıq ödənişin iki aylıq verilməsinin nəzərdə tutulduğunu bir daha diqqətə çatdırıb: "Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq karantin müddəti uzadılarsa, növbəti aylarda da ödənişin verilməsi məsələsinə baxıla bilər. Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu barədə proqnoz vermək və danışmaq tezdir. Hazırda karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldıla-azaldıla gedir”.