2020-ci ilin əvvəlinə ölkədə ilkin məlumatlara görə pensiyaçıların sayı 1277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini təşkil edib.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunub ki, bu da müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizini təşkil edir.
Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında aparılmış hesablamalara görə ölkədə minimum pensiyanın alıcılıq qabiliyyəti pariteti üzrə beynəlxalq dollarla qiymətləndirilmiş məbləği MDB məkanında ən yüksək göstəricidir.
İlkin məlumatlara əsasən, 2020-ci ilin əvvəlinə 400,4 min nəfər sosial müavinət, 295,7 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2019-cu il ərzində birdəfəlik müavinət alanların sayı 89,3 min nəfər olub.
“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 640 nömrəli Fərmanına əsasən, birdəfəlik müavinətlərin məbləği 2019-cu ilin aprelin 1-dən artırılaraq uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün isə 146 manatdan 300 manata çatdırılıb.