Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda Birinci Milli BMT Modeli Konfransına (MilliMUN) start verilib. "Report"un məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır.
Nazir bu konfransın gənclərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Gənclər Azərbaycanın gələcək inkişafı üçün əsas qüvvədir. Bu baxımdan ölkə gənclərinin qərarlarının qəbul edilməsində fəal iştirakının təmin edilməsi çox vacibdir. Müxtəlif ölkələrin fərqli maraqları və proritetləri var. Bizim proritetimiz isə təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Gənclər dövlətin mövqeyinin möhkəmləndirilməsinə və həm milli, həm də beynəlxalq səviyyədə ölkənin inkişafına mühüm töhvə verə bilər".
O vurğulayıb ki, bu konfrans gəncləri yeni fəaliyyətə və yeni nailiyyətlər əldə etməyə həvəsləndirəcək: "Bu təcrübə gənclər üçün vacib əhəmiyyət kəsb edir. Bu yeni ənənənin Azərbaycanda başlanmasına çox şadıq".
Tədbirdə çıxış edən BMT İnkişaf Proqramının Azərbaycanda rezident-əlaqələndiricisi Ercan Murat bildirib ki, Azərbaycan gənclər siyasətinə mühüm əhəmiyət verir: "Biz Azərbaycan gənclərinə gələcəyi müzakirə etmək və yeni ideyalar irəli sürmək üçün platforma yaradırıq".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov da tədbirin əhəmiyyətindən danışıb və bu yeni ənənənin Azərbaycanda başladılmasının gənclərin inkişafına mühüm töhvə verəcəyini vurğulayıb.
Mikayıl Cabbarov onu da qeyd edib ki, BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır: "BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, münaqişələri həll edirlər".
Qeyd edək ki, fevralın 23-dək davam edəcək konfrans Azərbaycanla BMT İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə sənədi çərçivəsində təşkil olunub.