Bir sıra ekspertlər Azərbaycanda tamaşaçıların xarici telekanallara üstünlük verdiyini qeyd edir və bunun əsas səbəbini yerli televiziyalarda keyfiyyətli verilişlərin olmaması ilə əsaslandırır.
Məsələ ilə bağlı televiziya tənqidçisi, Azərbaycanın Əməkdar jurnalisti Qulu Məhərrəmli “Report”a açıqlamasında bildirib ki, bayağı verilişlər reytinqindən asılı olmayaraq cəmiyyətdə etirazlarla qarşılanır.
“Bizim bayağı adlandırdığımız verilişlər televiziyalar üçün gəlir mənbəyidir. Özəl kanallar onlara gələn reklamlar və sponsorlar hesabına fəaliyyət göstərirlər. Aparıcı həddən artıq sərbəst olduqda, bayağı mövzular seçiləndə, efirdə məişət səviyyəsində söhbətlər gedəndə bu, tamaşaçıların qınağına səbəb olur. Hətta vəziyyət o yerə gəlir ki, bu məsələ parlamentdə müzakirə mövzusuna çevrilir”, - o deyib.
Q.Məhərrəmli tənqidlərin nəticəsinin qısa müddət üçün effektiv olduğunu vurğulayıb: “Tənqidlərə əsasən belə verilişlərin sayı azaldılır, efir vaxtı dəyişdirilir və ya qısaldılır. Amma üstündən bir müddət keçdikdən sonra məsələ unudulur və yenə həmin verilişlər peyda olur”.
Tənqidçi bu məsələnin həllini peşəkarlığın artırılmasında görür: “Ümumiyyətlə, ciddi televiziya konsepsiyası olmasa, bu nöqsanlar davamlı xarakter alacaq. Bu səbəbdən də düşünmək və konseptual yanaşmanı təmin etmək lazımdır. Əks halda narazılıqlar davam edəcək”.
Media İnkişaf Mərkəzinin sədr müavini Sədrəddin Soltan bildirib ki, televiziyalar abonentlərdən alınan pul qarşılığında onlara keyfiyyətli verilişlər verməyə borcludur.
“Azərbaycan tamaşaçısı kabel televiziyaları vasitəsilə verilişlərə baxır və bunun üçün pul ödəyir. Bu, o deməkdir ki tamaşaçı istehlakçıdır və ona keyfiyyətli məhsul vermək lazımdır. Əks halda onun hüquqları pozulur, pulu oğurlanmış sayılır”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, bayağı verilişlər tamaşaçıları ekrandan uzaqlaşdırır: “Hər gün televiziyalarda eyni adamları fərqli geyimlərdə görmək, onların bayağı danışıqlarına baxmaq, mənasız müzakirələrə şərait yaratmaq, Azərbaycan musiqi adına layiq olmayan mahnıları təbliğ etmək, “meyxanaçı-vokalçılara” meydan açmaq, şit zarafatlara yol vermək və s. tamaşaçını bezdirir, onun zövqünü korlayır. Problemin həlli üçün televiziyalar bir sıra prinsiplərə əməl etməlidirlər. Məlumatlandırmağa, maarifləndirməyə və əyləndirməyə bərabər vaxtın ayrılması TV-nin başlıca prinsipi olmalıdır. Görünür, TV-lər bu əsas prinsipi unudub”.
Bir müddət əvvəl "Space Tv"nin rəhbəri vəzifəsini tutmuş Kamil Şahverdi televiziya verilişləri haqda məqaləsində Azərbaycanda xeyli sayda tamaşaçının xarici telekanallara baxmağa üstünlük verdiyini və bunların arasında əsas yerləri Türkiyə və Rusiya kanallarının tutduğunu deyib.
K.Şahverdi də əsas səbəb kimi bayağı verilişləri göstərib: “Saatlarla efir vaxtı ayrılan “sosial” proqramlar və üzdəniraq müğənnilər üzərində qurulan verilişlər belə vəziyyət davam etdikcə artacaq. Nəticədə isə özəl kanallarımız bir tərəfdən düşünən, savadlı, intellektual, ziyalı tamaşaçılarını itirəcək, digər tərəfdən isə tamaşaçısının zövqünü daha da korlayacaq”.
Selcan Zaurqızı