Bakı. 22 sentyabr. REPORT.AZ/ ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Macarıstanın Daxili İşlər Nazirliyi ilə birgə insan alverinin qarşısının alınması və ona qarşı mübarizə sahəsində çalışan Azərbaycanın hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin Macarıstana səfərini dəstəkləyir.
Bu barədə "Report"a ATƏT-in mətbuat xidmətindən məlumat verilib.
Bu gün başlayan beş günlük təcrübə səfəri Layihə Əlaqələndiricisinin “İnsan alverinə qarşı mübarizə” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi insan alverinə qarşı mübarizədə uğurlu təcrübələrin mübadiləsi və çıxarılmış nəticələrin müzakirəsini dəstəkləməkdir.
ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski mövzu ilə bağlı deyib ki, ATƏT istismar və müasir köləliyin hər formasına qarşı Azəbaycanın mübarizə səylərini dəstəkləyir. "İnsan alveri ATƏT regionunda transmilli təhdiddir və biz Azərbaycan prezidentinin 25 iyul 2014-cü il tarixində təsdiqlədiyi üçüncü Milli Fəaliyyət Planının icrasında Azərbaycana köməklik göstəririk. İnanıram ki, ATƏT üzvü olan digər dövlətlərin uğurlu təcrübələrinin mübadiləsi insan alverinin qarşısının alınması və təqibi, eləcə də insan alveri qurbanlarının müdafiəsində daha da irəliləmək üçün Azərbaycana kömək edəcək”.