Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2014 - 2016-cı illər üçün Strateji Plan hazırlayıb. "Report" xəbər verir ki, strateji plan Dövlət Agentliyinin 2014 - 2016-cı illəri əhatə edən fəaliyyətinin tənzimlənməsi üçün hazırlanıb.
Strateji plan təşkilatın gələcək 3 ili ərzində gedəcəyi yol xəritəsi olacaq. Dövlət Agentliyinin Strateji Baxışı dövlət qulluqçusu və vətəndaşlar arasında birbaşa təmasın minimuma endirilməsi, xidmətlərin göstərilməsində mobil həllərin tətbiqi və əlçatanlığının təmin edilməsi, "ASAN xidmət" konsepsiyasının beynəlxalq arenaya ixracını təmin etməkdən ibarət olacaq.
Planda 5 strateji məqsəd əsas götürülüb. Bunlara dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi, elektron xidmətlərin inkişafı və genişləndirilməsi, inkişaf yönümlü və rəqabətcil insan resurslarının idarəedilməsi sisteminin qurulması, səmərəliliyi və effektivliyi təmin edən yeni korporativ idareətmə sisteminin formalaşdırılması, ASAN xidmət brendinin ölkədaxili və beynəlxalq nüfuzunun artırılması daxildir.