“ASAN kommunal”da Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb

“ASAN kommunal”da Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb “Tikinti Monitorinq Sistemi”nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq
Sosial müdafiə
24 İyul , 2017 14:47
“ASAN kommunal”da Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb

Bakı. 24 iyul. REPORT.AZ/ 1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, xidmət pəncərəsi vasitəsilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kompaniyaları haqqında, həmçinin “Tikinti Monitorinq Sistemi”nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq.

Bundan başqa, qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar tədbirlər barədə genişmiqyaslı maarifləndirmə, məlumatlandırma və təbliğat kompaniyasının keçirilməsi, kütləvi informasiya vasitələrində qeyri-rəsmi məşğulluğun mənfi nəticələrinin, formal məşğulluğun üstünlüklərinin ictimaiyyətin diqqətinə çatdırılması, qeyri-rəsmi məşğulluğa qarşı video çarxların, stendlərin, broşuraların, məlumat vərəqələrinin hazırlanması və nümayişi də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli fərmanı ilə tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb.

Fərmana əsasən pilot layihə çərçivəsində Mərkəzə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və onların inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini yaratmaq, aidiyyəti dövlət informasiya sistemlərinə inteqrasiya olmaq və tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameralarının quraşdırılması tapşırılıb.

Son xəbərlər

Orphus sistemi