2 saylı “ASAN Kommunal” mərkəzində vətəndaşlara 3 yeni xidmət göstəriləcək

2 saylı “ASAN Kommunal” mərkəzində vətəndaşlara 3 yeni xidmət göstəriləcək Səbəb Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlərin çoxsaylı müraciətləridir
Sosial müdafiə
12 İyul , 2017 10:47
2 saylı “ASAN Kommunal” mərkəzində vətəndaşlara 3 yeni xidmət göstəriləcək

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gündən vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.

Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.

Bildirilib ki, əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.

Vətəndaşlar qeyd olunan xidmətlərlə bağlı bazar ertəsi-cümə günləri saat 10:00-dan 18:00-a kimi, şənbə günü isə 10:00-dan 17:00-a kimi mərkəzə müraciət edə bilərlər.

Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara Azərişıq ASC, Azərsu ASC və Azəriqaz İB-nin 45 növ xidməti təqdim olunur.  

Son xəbərlər

Orphus sistemi