Bakı. 1 iyun. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “Biz Günəşin Şəfəqləriyik” adlı tədbir keçirib.
"Report"un xəbərinə görə, Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, deputat Qənirə Paşayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının Gənclər Birliyi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva və başqaları iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqları 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib. O bildirib ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda uşaq siyasəti yüksək səviyyədə təşkil olunub: "Azərbaycanda çox güclü uşaq müdafiəsi sistemi yaradılıb. Baxmayaraq ki, dövlətimiz müharibə şəraitində yaşayır. Bizim ölkədə uşaqların qorunması məsələsi xüsusi diqqətdə saxlanılır. Azərbaycanda hər sahədə dövlət qayğısı hiss olunur".
YAP Nizami rayon təşkilatının Gənclər Birliyi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva bayram münasibətilə uşaqları təbrik edib. O vurğulayıb ki, uşaqlar hər birimizin sevinci, xoşbəxtliyi və cəmiyyətin gələcəyidir: "Ona görə də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir. Düşünürəm ki, hər bir azərbaycanlı əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir. “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində onlarla keçirdiyim hər dəqiqə mənim üçün qiymətli bir həyat dərsidir. Fikrimcə, uşaqların bizim müdafiəmizə, himayəmizə ehtiyacı olduğu kimi, onlar da bizə gərəklidirlər. Onların məsum baxışlarına, utancaq gülüşlərinə, təmiz ruhlarına, zəngin xəyal dünyalarına həmişə ehtiyacımız var".
Sonra "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları "Bechique" Azərbaycan brendinin yeni kolleksiyasını təqdim ediblər, moda şousu göstəriblər. Həmçinin Daun sindromlu şəxslər müxtəlif rəqslərlə çıxış ediblər, maraqlı səhnəciklər nümayiş etdiriblər.
Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. İctimai Birliyə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi daxildir. Bakının Nizami rayonunda yerləşən reabilitasiya mərkəzi uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində isə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların cəmiyyətə inteqrasiyası təmin edilir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar yaradılmasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.