Azərbaycan XİN: Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir

Azərbaycan XİN: Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa məsələləri üzrə nazirinin şərhlərinə XİN cavab verdi
Xarici siyasət
13 Avqust , 2015 22:57
Azərbaycan XİN: Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir

Bakı. 13 avqust. REPORT.AZ/ Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa məsələləri üzrə naziri David Lidinqtonun Leyla və Arif Yunus barəsində məhkəmə qərarına dair şərhlərinə münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

Leyla Yunus və Arif Yunus barəsində birinci instansiya məhkəməsi tərəfindən 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsi və mahiyyətinin təhrif edilməsi cəhdlərini qınayır və qəbuledilməz hesab edirik.

Leyla Yunus Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Məhkəmə prosesinin izlənilməsi üçün məhdudiyyətlərin tətbiq edilməsi barəsində iddia əsassızdır. Məhkəmə prosesi açıq və sərbəst mühitdə keçirilib. Məhkəmənin kütləvi informasiya vasitələri, ictimai-siyasi dairələr və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Avropa İttifaqı üzv ölkələrinin diplomatları tərəfindən izlənilməsinə tam şərait yaradılıb.

Leyla və Arif Yunusun istintaq dövründə səhhəti ilə əlaqədar iddiaya gəlincə isə yerli tibbi xidmətlərlə bərabər Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın Charite xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi altında olub. Prof.Dr. Kristian Vitt hal-hazırda yenə də Azərbaycandadır və Leyla və Arif Yunusa təkrar baxış həyata keçirəcəkdir.

Britaniyalı nazirin məhkəmənin diplomatlar tərəfindən də izlənməsi və məhkumun həkim nəzarətində olmasını bilməməsi təəccüb doğurur. Görünür provokativ məqsədlərlə niyyətli şəkildə belə bəyanatla çıxış edib.

Azərbaycan Respublikasında məhkəmələrin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir. Qanuna uyğun olaraq, hər bir vətəndaşın apelyasiya qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. 

Son xəbərlər

Orphus sistemi